Dünya Alpaqut Federasiyasında yeni təyinatlar oldu
18 İyul 2024 16:15 Siyasətİyulun 16-da Yunus Emre İnstitutunun toplantı salonunda, Dünya Alpaqut Federasiyasının növbəti iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda federasiyanın prezidenti Jalə Əhmədova, Birinci vitse-prezident Könül Nurullayeva, vitse-prezident Emil Rəhimov, İdarə heyətinin sədri Vasif Namazov, İdarə heyətinin üzvləri Fərid Əlizadə, Nuranə Şıxəliyeva, Nəzarət Təftiş Komitəsinin sədri Rafiq Qasımov və başqaları iştirak edib.
Toplantıda Dünya Alpaqut Federasiyasının idarə icra strukturuna seçki keçirilib. Belə ki, Tural Abasquliyev federasiyasının Təşviqat və İnkişaf üzrə vitse-prezidenti, Firuzə Cəlilova isə İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin sədri seçilib. T.Abasquliyev federasiyanın inkişafı ilə bağlı gələcək planlarını açıqlayıb. F.Cəlilova isə qarşıda duran hədəflərə çatmaq üçün yeni PR strategiyanın formalaşdırılması zərurətini vurğulayıb. Bundan əlavə Dünya Alpaqut Federasiyasının digər strukturlarına yaxın günlərdə yeni rəhbərlərin təyin olunması ilə bağlı müzakirələr aparılıb.
Millət vəkili Jalə Əhmədova qeyd edib ki, Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014-cü ildə qurulan beynəlxalq idman təşkilatıdır: "Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. Federasiya İMGC, FairPLay, İCSSPE, İSNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür. Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilərək Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyata alınıb".