Parlamentsiz respublika və demokratiyasız da parlament ola bilməz - ÖZƏL

"Parlament seçkiləri Azərbaycanda dövlət quruculuğu prosesinin labüd mərhələlərindən biridir". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. 

"Təbii ki, parlamentsiz respublika və demokratiyasız da parlament ola bilməz. Əminəm ki, bu seçkilərdən xalqın da, siyasi qüvvələrin də, hər kəsin gözləntiləri var. Seçkidə iştirak edən, etməyən hamının bu seçkilərdən gözləntiləri var. Gözləntilərin müəyyən bir hissəsi şəxsi planlarla bağlıdır. Çünki insanların müəyyən hissəsi seçkiyə qatılıblar, müəyyən hissəsi ümumi planda gözləntilərdir. Ümumi planda olan gözləntilər daha çox ictimai maraqlarla bağlıdır, daha çox dövlət maraqları ilə bağlıdır və buna görə də bu seçkilərin müəyyən standartlar çərçivəsində keçirilməsi bu saat Azərbaycan dövlətinin və demokratiyanın taleyini düşünən hər bir şəxsin maraqları çərçivəsindədir. Gözləntilər əsasən bundan ibarətdir ki, bu seçkilərin müvafiq standartlar əsasında keçirilməsi həm Azərbaycanın dünyada nüfuzuna müsbət təsir göstərə bilər, həm də dünyada Azərbaycanla bağlı müəyyən tənqidi siyasət aparan bəzi beynəlxalq instansiyalarla münasibətlərin normallaşmasına da öz təsirini göstərə bilər. Bu seçkinin beynəlxalq normalara və milli dəyərlərə, adət-ənənələrə uyğun keçirilməsi hamının istəyidir. Çünki bu, Azərbaycan dövlətinin həm beynəlxalq nüfuzu ilə bağlı məsələdir, həm də daxildə mövqelərin və sabitliyin daha da möhkəmləndirilməsi üçün vacib şərtdir. Bunun üçün də dövlət orqanlarının da məsuliyyəti var, seçkidə iştirak edən hər bir iddiaçının da məsuliyyəti var və seçkidə səs verəcək hər bir şəxsin də məsuliyyəti var. Əsas məsələ beynəlxalq standartlara və yerli adət-ənənələrə uyğun standartlar çərçivəsində seçki keçirilməsinə nail olmaqdır. Görək reallıqda nə baş verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31