Britaniyanın həmin masada olması Ermənistanın istədiyi ssenari deyil- ÖZƏL

"Məlumdur ki, hal-hazırda Britaniyanın paytaxtı Londonda Avropa Siyasi Birliyinin  dördüncü zirvə görüşü həyata keçməkdədir. Bu görüşdə 45 ölkə və hökumət başçıları iştirak edir. O cümlədən ölkə başçısı İlham Əliyev də tədbirə dəvət olunanlar sırasındadır. Eyni zamanda Paşinyan da bu görüşdə iştirak edir və sammit ərəfəsində söhbət  gəzirdi ki, Ermənistanla Azərbaycan arasında görüş ola bilər. Hətta, Avropa Siyasi Birliyi və Britaniyanın baş naziri Keir Starmer də belə bir görüşün baş tutmasını təklif etdi. Amma  Ermənistan tərəfi bu təklifdən imtina etdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib:

"Yəni, Ermənistan görüşdə iştirak etməkdən imtina etdi. Bu, sözsüz ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yavaşladan, onu bir növ geri çəkən bir addım kimi qiymətləndirilməlidir. Eyni zamanda da Paşinyanın sülh gündəliyinə sadiq olmamasının göstəricisidir. Belə olan halda sual yaranır ki, niyə görə Paşinyan bundan imtina etdi? Mən bunu iki faktorla dəyərləndirərdim. Birincisi, həmin görüşün Britaniyanın təşkilatçılığı ilə baş tutması, yəni masada Britaniya baş nazirinin də oturacaq olması Ermənistanın istədiyi ssenari deyildir. Aydındır ki, əgər bu görüş baş tutsaydı, fevral ayında Münxendə baş tutan təhlükəsizlik konfransı çərçivəsindəki format tətbiq olunacaqdı. Yəni söhbət hansı formatdan gedir? Münxen görüşündə də  Almaniyanın kansleri Olaf Şolts görüşdə ilkin olaraq iştirak etmiş, daha sonra görüşü tərk edərək, müzakirələr Azərbaycanla Ermənistan arasında birbaşa şəkildə həyata keçmişdi. Əgər London görüşü baş tutsaydı, burada yenə Britaniya baş naziri ilkin olaraq görüşdə iştirak edəcək, daha sonra tərəflərin məsələni ikitərəfli şəkildə müzakirə etməsi üçün şərait yaradılacaqdı. Ermənistan görünür ki, Britaniyanın bu prosesdə iştirakını istəmir. Çünki Britaniya Fransadan fərqli olaraq Qafqaz siyasətində həmişə daha balanslı və neytral mövqe sərgiləmişdir və bu da Ermənistanın istədiyi ssenari deyildir. Çünki Ermənistan həmişə danışıqlar masasında ümid edib ki, Fransanın köməyi ilə müəyyən dividendlərə nail olar, müəyyən üstünlük mövqeyi üstünlük əldə edər. Ona görə də Britaniyanın həmin masada olması Ermənistanın istədiyi ssenari deyildir. İkinci bir faktor isə Rusiya faktorudur. Mən düşünürəm ki, Ermənistanın son vaxtlar həyata keçirdiyi siyasət Rusiyanın alovuna benzin tökəcək, Rusiyanı daha da hiddətləndirəcək bir siyasətdir. Xüsusilə də iyulun 14 -15-də Ermənistanda ABŞ-Ermənistan birgə hərbi təlimlərin həyata keçirilməsi Rusiyanı bir növ səssiz qoymadı və belə olan halda Ermənistan müəyyən qədər Rusiya ilə olan münasibətlərini və Rusiya təhdidini nəzərə alaraq bu kimi görüşdə iştirak etməkdən imtina edə bilər. Aydın məsələdir ki, Avropa siyasi icması hər nə qədər rəsmi şəkildə səslənməsə də Rusiyaya qarşı yaranmış bir qurumdur. Rusiya Ukrayna işğalından sonra yaranmış bir qurumdur və yalnız iki Avropa ölkəsi onun üzvü deyil. Rusiya, Belarusiya. Belə olan halda Rusiya heç bir halda istəməz ki, Cənubi Qafqaz proseslərində, Azərbaycan-Ermənistan sülh prosesində Avropa Siyasi Birliyi  fəal rol oynasın və bu da Ermənistanı həmin görüşdən imtina etməyə vadar edəcək addımlardan biri kimi nəzərdən keçirilə bilər. Amma istənilən halda bu addım sülh prosesinə xələl gətirəcək, prosesi yubadacaq addımdır və bu bir daha Ermənistan siyasi rəhbərliyinin bəlli bir mövqeyə, siyasi iradəyə sahib olmadığının göstəricisidir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31