Azərbaycan mediası Qarabağ müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib- ÖZƏL
18 İyul 2024 15:43 Siyasət"Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: "Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır".
Alim Hüseynli
Olaylar.az