Sülh müqaviləsinin mətnindəki irəliləyişlərdə ABŞ-nin ciddi rolu yoxdur-Elçin Xalidbəyli- ÖZƏL
18 İyul 2024 16:00 Siyasət"Hazırda Azərbaycan və Ermənistan arasında cərəyan edən sülh prosesində ABŞ-nin demək olar ki, elə bir ciddi rolu yoxdur".
_(1).jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Düzdür, müəyyən cəhdlər göstərirlər, görüşlərinin təşkil olunmasına çalışırlar və görüşlərin keçirilməsinə nail olurlar. Ancaq sülh müqaviləsinin mətni üzərindəki irəliləyişlərdə ABŞ-nin ciddi rolu yoxdur. Sülh müqaviləsinin mətni üzərində əldə olunan irəliləyişlər yalnız və yalnız Azərbaycan və Ermənistan arasında ikitərəfli təmaslar nəticəsində əldə olunub. Yəni bu irəliləyişlər iki dövlətin arasında təkliflər paketlərinin mübadiləsi nəticəsində əldə olunub və davam edir. Sülh sazişinin imzalanması üçün də müəyyən ümidverici nəticələr mövcuddur. Ancaq bu prosesin uğurla yekunlaşmasına ABŞ və Qərbdəki bəzi dairələrin mane olması ilə bağlı şübhələr mövcuddur. Xüsusilə də Fransanın bu prosesə əngəl törətdiyi qətiyyən şübhə doğurmur. Bu, artıq təsdiqlənmiş məsələdir, amma ABŞ-nin rəsmi təmsilçilərinin sülh prosesində olduqca ciddi irəliləyişlərin olması barədə bəyanatları sadəcə manipulyasiyalardan ibarətdir".
E.Xalidbəyli bunun konkret məqsədi və hədəfi olduğunu qeyd edir:
"Bu, ondan ibarətdir ki, ABŞ-də noyabr ayında prezident seçkiləri keçiriləcək və bu prezident seçkiləri həddindən artıq prinsipial xarakter daşıyır. Eyni zamanda ABŞ üçün böyük önəm daşıyır. Bayden administrasiyası da Cənubi Qafqazdakı sülh prosesində Azərbaycan və Ermənistanın ikitərəfli təmasları nəticəsində əldə olunmuş irəliləyişləri öz aktivinə yazmağa çalışır. Çünki bu, seçki təbliğatında Bayden administrasiyasına müəyyən xallar qazandıra bilər. Xüsusilə də erməni diasporunun Bayden administrasiyasına dəstək verməsinə müəyyən stimul verə bilər. Buna görə də ABŞ və onun Bayden administrasiyası hazırda heç bir konkret, detallı açıqlamalar vermədən, iddialarını izah etmədən, sadəcə Cənubi Qafqazda sülh prosesində önəmli irəliləyişlərin olduğunu bəyan edirlər".
Qiymət Mahir