Bu xalqların müstəqilliyinin bərpa olunması Azərbaycanın verdiyi dəstəklə bağlıdır - ÖZƏL

"Bakıda fransız müstəmləkə xalqlarının keçirdiyi qurultay  tarixi hadisədir". 

 Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Bu, dünyada ötən əsrin ortalarından başlamış müstəmləkəçiliyin kökünün tam kəsilməsinə doğru yönəldilmiş prosesin ikinci və yekun dalğasıdır. Əslində bu xalqlar 1961-ci ildə, dünya müstəmləkə sistemi dağılan vaxtlarda müstəqillik almalıydılar. Ancaq o zaman dünyadakı bəzi geosiyasi reallıqlar və Fransanın BMT sistemindəki monopolist mövqeyi buna imkan vermədi. Əsas çoxsaylı müsəlman, ərəb, Afrika dövlətləri, xalqları müstəqillik alsalar da, bu xalqlar müstəqillik ala bilmədilər. Müəyyən qədər Fransanın Təhlükəsizlik Şurasında monopolist mövqeyə malik olması və bir sıra başqa səbəblər üzündən bu xalqların mübarizəsi müstəqillik sonluğuna gəlib çatmadı. Amma bu gün həmin ölkələrə Azərbaycanın göstərdiyi himayəçilik və verdiyi tribuna bu xalqların müstəqillik uğrunda mübarizə tarixində yeni səhifə açıb. Heç şübhəsiz ki, Yeni Kaledoniya, Poleneziya, Fransız Qvianası, Kvadilupa, Martinika və Antil adaları, digər xalqlar mütləq öz müstəqilliklərinə qovuşacaqlar. Çünki artıq bu mübarizənin haqq mübarizəsi, mütərəqqi mübarizə olduğu təsdiqlənib. Digər tərəfdən, Azərbaycanın bu mübarizənin üstündə böyük himayəçiliyi var. Artıq Azərbaycanın dəstəyi həmin xalqların mübarizəsini beynəlxalq müstəvilərə çıxarıb. BMT-nin özündə artıq bu xalqların dekolonizasiya olunması  ilə bağlı G24 adlı komitə yaradılıb. Bu komitə də həmin xalqların azadlıq mübarizəsində müstəqillik haqqına malik olduqlarını rəsmi təsdiqləyib. Bütün bunlar deməyə əsas verir ki, bu xalqlar mütləq öz suverenliklərinə və müstəqilliklərinə qovuşacaqlar. Təəssüf ki, Fransa hələlik mənasız bir müqavimət göstərir, bu xalqlara müstəqillik vermək istəmir. Hətta müstəqilliyini elan etmiş Qəmər adalarının Mayoti adasına müstəqillik vermək istəmir və bu günə qədər əsarət altında saxlayır. Bir halda, Fransa bu xalqlara ümumiyyətlə müstəqillik vermir. Başqa halda isə onların adalarının bir hissəsinə müstəqillik verib, başqa bir hissəsinə isə müstəqillik vermir. Ümumən, Fransanın bu mərhələdə arqumentləri artıq tükənib. Bu xalqları növbəti mərhələdə əsarət altında saxlamaq üçün Fransanın artıq heç bir əsaslı bəhanəsi qalmayıb. Yeganə yol həmin xalqlara müstəqillik verməkdir ki, bu xalqların da müstəqilliyinin bərpa olunması, reallaşması həm də Azərbaycanın verdiyi dəstəklə bağlıdır. Yəqin ki, bu xalqlar bunu unutmayacaqlar və Azərbaycanın haqqına lazımi qaydada bütün dövrlərdə sayqı göstərəcəklər. Çünki Azərbaycan bu xalqların Fransaya qarşı mübarizəsini dəstəkləməklə əslində çox böyük, mütərəqqi, humanist və cəsarətli iş görür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31