Azərbaycanın təklif etdiyi variant olduqca əlverişli və konstruktivdir- ÖZƏL
18 İyul 2024 14:04 Siyasət"Rəsmi Vaşinqtonun Bakının sülh müqaviləsini imzalamağa tələsdirməsinin əsas iki səbəbi var: Birincisi, Vaşinqton məhz onun iştirakı ilə belə bir sülh müqaviləsini imzalatdırmaqla Rusiyanın bölgədə təsir imkanlarını azaltmaq və onu sıxışdırmaq siyasətini həyata keçirmək niyyəti güdür. İkincisi, Vaşinqton prezident seçkiləri qabağı kampaniyada bu məsələdən istifadə etmək niyyəti güdür".
_(1)_(2)_(1).jpg)
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Belə ki, Bayden administrasiyası fəaliyyətdə olduğu dörd il müddətində xarici siyasətdə hansısa ciddi uğurlara imza atmayıb. Ukrayna-Rusiya savaşı davam etməkdədir, İsrail - Qəzza savaşının nə zaman bitəcəyi tam dəqiq məlum deyil. Burada da irəliləyiş yox, məhz bu baxımdan Bayden administrasiyası təxminən 40 ilə yaxın davam edən Azərbaycan- Ermənistan münaqişəsinin həllində öz rolunu göstərmək üçün belə bir addım atmaq istəyir və məhz buna görə də tərəfləri sülh müqaviləsini imzalamağa tələsdirir. Amma Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan hesab edir ki, onun tələb etdiyi bir çox şərtlər yerinə yetirilməyənə qədər sülh müqaviləsini imzalamayacaq. Söhbət yekun sülh müqaviləsindən gedir. Amma eyni zamanda, Azərbaycan Ermənistanın müəyyən addım atmağı üçün də imkan yaradır. Məhz bu səbəbdən Azərbaycan Ermənistana konstitusiya dəyişiklikləri ilə bağlı məsələni həll etmək üçün vaxt tanıyır və təklif edir ki, ən azı ilin sonuna qədər tərəflər arasında razılaşdırılmış əsas məsələlərlə bağlı çərçivə sənədi imzalansın. Həmin məsələlər paraflansın və Ermənistan konstitusiya dəyişiklikləri ilə bağlı prosesi apardığı müddətdə də iki tərəf arasında geniş və əhatəli sülh müqaviləsinin layihəsi hazırlansın. Azərbaycanın təklif etdiyi variant olduqca əlverişli və konstruktivdir. Belə ki, məhz bu şərtlərlə imzalanacaq sülh müqaviləsi bölgədə dayanıqlı və sabit sülhə gətirib çıxara bilər. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının tələsməsindən asılı olmayaraq, Azərbaycan öz maraqlarından imtina etməyəcək və özünün təklif etdiyi 5 baza prinsipi əsasında müqaviləsinin imzalanmasına çalışacaq".
Zeynəb Rzayeva