Müstəmləkə altında olan dövlətlər və Bakıda axtarılan azadlıq yolu
19 İyul 2024 10:22 SiyasətMüasir beynəlxalq münasibətlər sistemində ziddiyyətli mövqelər müşahidə olunmaqdadır. Bir tərəfdə dünyanın nizamını pozaraq əraziləri yenidən bölüşdürmək üçün pusquda duran böyük güc mərkəzləri, digər tərəfdə isə illərlə müstəqillik uğrunda mübarizə aparan kiçik dövlətlər qarşı-qarşıya dayanaıblar. Çox təəssüf ki, inkişaf etməkdən ötrü macal axtaran, xüsusən də təbii resurslara malik ölkələr hegemon dövlətlərin dolanışıq yerinə çevrilib. İqtisadi maraqlarını müstəqillik, demokratiya, azadlıq kimi müasir dəyər və tələblərdən üstün tutan müstəmləkəçi dövlətlər kiçik xalq və millətləri daim əsarət altında saxlamaq yolu tutublar. Nə yaxşı ki, bu siyasi xətti darmadağın edərək müstəmləkə atında olan ölkələrə mənəvi dəstək verən Azərbaycan kimi dövlətlər mövcuddur. Müstəqillik əldə etdikdən bəri demokratiya yolunu seçmiş Azərbaycan müstəmləkə, irqçilik, separatizm kimi qeyri-demokratik təzahürlərin aradan qaldırılması istiqamətində fəaliyyətdə bulunub. Sözsüz ki, Azərbaycanın beynəlxalq hüquqa söykənən bu siyasəti millitarist dövlətlərin yolunda bir sipərdir. Məhz bu kimi səbəblərdən özünü demokratiya çarçısı kimi təqdim edən Fransa, ABŞ kimi dövlətlər ölkəmizə qaqrşı daim təhrikçi mövqedə çıxış ediblər. Lakin bütün təzyiq və təhdidlərə baxmayaraq Azərbaycan həmişə beynəlxalq hüququn və ədalətin tərəfində olub. Elə Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayının baş tutması dediklərimizi bir daha sübut edir.
Maraqlı məqam ondan ibarətdir ki, niyə müstəmləkə altında olan dövlətlər azadlıq yollarını məhz Bakıda axtarırlar? Məlum olduğu kimi müasir dünyada demokratiya, insan hüquqlarının müdafiəsi dövlətlərin önəm verdiyi bəşəri dəyərlərdən hesab olunur. Lakin bəzi ölkələr hələ də azsaylı xalqlara qarşı zor tətbiq etməklə müstəmləkəçilik siyasətlərini davam etdirməkdədirlər. Müstəmləkəçilik siyasətini davam etdirən dövlətlərdən biri də Fransadır ki, dənizaşırı əraziləri hesab olunan ölkələrdə törətdiyi zorakılıqlardan dolayı dünyada sülhün, ədalətin və bərabərliyin bərqərar olmasına qarşı çıxır. Məsələn, Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs olunub. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qalıblar. Onlar arasında azyaşlı uşaqları olan qadınlar da var. Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan edib.
Azərbaycan isə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə separatizmə, terrorozmə son qoyaraq ərazi bütövlüyünü təmin etdi. Sözsüz ki, Azərbaycan bu qələbəni həm də beynəlxalq hüquq və ədaləti əldə rəhbər tutaraq qazandı. Məhz bu baxımdan müstəmləkə altında olan dövlətlər öz nicat yollarını Azərbaycanda tapacaqlarına əminliklərini ifadə edirlər. Ona görə də Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayı baş tutub. Daha dəqiq, iyulun 17-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultayın açılış mərasimi keçirilib. Yeri gəlmişkən qeyd edək ki, qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderland koloniyaları olan Bonayre və Sən-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edib. Tədbirdə sözügedən siyasi məhbusların bəzilərinin ailə üzvləri də iştirak ediblər. Təsadüfi deyil ki, tərbirdə diqqətə çatdırlıb ki, Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclərə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq imkanı verən tələbə-təhsil təqaüdü elan edib. Artıq bu ildən başlayaraq həmin ərazilərdən olan gənclər bu təqaüddən yararlana bilərlər. Tədbir iştirakçıları isə Azərbaycanın bu siyasətini cəsarətli addım adlandırıblar. Konkret olaraq Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep qeyd edib ki, kolonializmə qarşı birlikdə mübarizə aparmaq mümkündür: "Bizim məqsədimiz dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməkdir. Biz əlimizdən gələni edəcəyik ki, həmrəyliyimizi möhkəmləndirək, dünyada daha çox görünə bilək. Fransa koloniyalarına qarşı cinayətlər törədən dövlətdir. Məqsədimiz dünyanı Fransaya təsir göstərmək üçün səfərbər etməkdir".
Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest qeyd edib ki, Fransanın koloniyaları ilə bağlı bu Qurultayda biz çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq: "Biz plaftormalarımızı möhkəmləndirməliyik, müzakirələr aparmalıyıq. Siyasi fəaliyyətimizi elə qurmalıyıq ki, çağırışlara cavab tapa bilək. Bakı Təşəbbüs Qrupu bizə imkan yaradıb, bunu dəyərləndirməliyik. Bir araya gələrək müxtəlif gələcək platformalar barədə düşünməliyik. Yeni dünya düzənində öz yerimizi tapmalıyıq". Qurultayda çıxış edən digər iştirakçılar bildiriblər ki, Fransa hakimiyyəti onların öz müqəddəratını təyin etmə hüququnu tanımalı və müstəqillik proseslərini dəstəkləməlidir. Onlar müstəmləkə siyasəti nəticəsində iqtisadi və mədəni zərərlərdən bəhs edərək, yerli əhalinin hüquqlarının qorunmasının və inkişafının təmin olunmasının vacibliyini diqqətə çatdırıblar.
Göründüyü kimi Müstəqillik Hərəkatlarının Qurultayının məhz Bakıda baş tutması təsqdfi deyil. Bu dövlətlər açıq-aşkar görürlər ki, hazırda dünyanın qlobal problemlərini həlli məhz Bakıda axtarılır. Rəsmi Bakı dövlət, millət və xalqların təhlükəsizliyi baxımından çoxsaylı təşəbbüslə çıxış edib. Regional və beynəlxalq təhdidlərin aradan qaldırılması, sülh və əminamanlığı təmin olunması məqsədilə təkliflərin müəllifi olub. Azərbaycan hər zaman ölkələrin beynəlxaq hüquqla tanınan ərazilərinə hörmətlə yanaşıb. Lakin bununla belə xalqların öz müqəddəratını təyinetmə prinsipini də dəstəkləyir. Məhz Azərbaycanın xarici siyasətinin bu çalarları Müstəqillik Hərəkatlarının Qurultayının Bakıda keçirilməsini zəruri edib.
Alim Hüseynli