Niyə Pezeşkian?- ÖZƏL

"İran prezidenti İbrahim Rəisinin 19 may 2024-cü ildə helikopter qəzasında həlak olması ilə İran yeni prezident axtarışlarına başladı. Namizədlər İran Konstitusiyasında nəzərdə tutulan qaydalara uyğun olaraq prezident seçkiləri üçün müraciət etdi və Konstitusiya Müdafiəçiləri Şurası (KMŞ) kimin namizəd ola biləcəyinə qərar verdi. Bu çərçivədə 28 iyun 2024-cü ildə keçirilən seçkilər üçün ümumilikdə 6 namizədin ərizəsi təsdiq edildi". 

Bu fikirləri siyasi şərhçi Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:

"Bu adlar arasında əvvəldən diqqət çəkən şəxs Məsud Pezeşkian olub. Çünki, Pezeşkian islahatçı kimliyi ilə tanınan yeganə namizəd idi. Digər tərəfdən, islahatçı prezident Məhəmməd Hatəminin 2001-2005-ci illər arasında fəaliyyət göstərən ikinci kabinetində səhiyyə naziri vəzifəsini icra edən və 2008-ci ildən bu yana ardıcıl 5 dəfə İran parlamentində millət vəkili olan Pezeşkianın  2021-ci ildə prezidentliyə namizədliyi KMŞ tərəfindən rədd edildi. Bu səbəbdən Pezeşkianın 2024-cü il prezident seçkilərində namizədliyini irəli sürməsinin səbəblərini anlamaq vacibdir.
Pezeşkianın namizədliyi strateji addım idi?
Bu məqamda diqqət yetirilməli olan əsas məsələ ondan ibarətdir ki, 2018-ci ildən sonra, keçmiş ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İran və ABŞ arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdıqdan sonra İran ciddi təlatümlər yaşayıb. "Müqavimət iqtisadiyyatı" adı altında Rusiya və Çinə arxalanaraq ölkə daxilində sarsılmış iqtisadiyyatı tarazlıqda saxlamaq üçün cəhdlər edilsə də, xalq hər keçən il daha da yoxsullaşırdı. Bununla əlaqədar olaraq ölkənin əsasən kənd yerlərində su  və benzin etirazları kimi ictimai hərəkatlar baş verdi. Bu etirazlar 2022-ci ildə Məhsa Əmininin şübhəli ölümündən sonra hicab öhdəliyinə etirazla başlayan, lakin ölkənin bir çox bölgəsinə yayılan və anti-demokratik təcrübələri hədəf alan bir sıra etirazlarla pik nöqtəsinə çatdı. Bütün bu etirazlar zorakılıqla yatırıldı. Bu, xalqla dövlət arasında uçurumun artmasına səbəb olub. Bu baxımdan xalq ölkədə keçirilən seçkiləri boykot etməklə öz reaksiyasını göstərdi. İranda 2021-ci il prezident seçkilərində 48,48 faiz iştirak nisbəti olduğu halda, 2024-cü il parlament seçkilərində bu nisbət 40,64 faizə düşüb. Bu, İranın son illər regiondakı ərəb monarxiyalarına qarşı ən öyünən məsələsi olan ölkədə azad seçkilər məsələsi ətrafında legitimlik böhranı riski yaradıb.
Qeyd edilməli olan digər mühüm məsələ İranın xüsusilə İsraillə yaşadığı gərginlikdir. İki ölkə uzun müddət gizli müharibədə olduğu üçün 2024-cü ilin aprelində birbaşa qarşıdurma riski ilə üzləşdilər. İsrailin İran daxilində müxalif qrupları səfərbər etmək imkanlarını nəzərə alaraq, İranın quruluşçu və İnqilab Rəhbəri Əli Xamneyinin prioriteti İsrail və İran rejiminin diasporadakı əleyhdarlarına ölkə daxilində təsir dairəsi yaratmağa imkan verən məsələləri müzakirə etmək idi. Bu kontekstdə ən prioritet yollardan biri də seçkilərdə iştirakını artırmaqla cəmiyyətin ölkə daxilində özünü yad hiss edən təbəqələrinin sistemə daxil edilməsi idi.
Onu da qeyd edək ki, Pezeşkian türk əsillidir və bunu bütün seçki kampaniyası boyunca açıq şəkildə ifadə edib. Xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra İranda yüksələn yeni fars millətçiliyinin Türkiyə əleyhinə diskurslar üzərində formalaşması, eləcə də Azərbaycan-Ermənistan gərginliyində İranın ermənipərəst siyasət yürütməsi türklər arasında narazılıq yaradıb. Halbuki 1979-cu il İran İslam İnqilabının bütün ölkə ərazisində qəbul edilməsində türklərin böyük rolu olmuşdur və Pəhləvi dövrü ilə müqayisədə türklər yeni sistemdə özlərinə daha geniş yer tapa bilmişdilər. 2022-ci ildə Mahsa Əminin ölümündən sonra baş verən etirazlarda türklər də çox məhdud iştirak nümayiş etdirib. Ona görə də, türklər fars millətçiliyinin yüksəlməsinə baxmayaraq rejimə sadiqliklərini bir daha göstərdilər. Belə olduğu halda, ehtimal ki, İnqilab Rəhbəri və rejim ölkə daxilində dərinləşən gərginlikləri aradan qaldırmaq və mümkün bir təhlükə halında türklərin rejim yanında möhkəmlənməsini təmin etmək üçün türk əsilli islahatçı namizədə icazə verilməsini məqsədəuyğun hesab etmişdir". 

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31