Bu cür xəbərlər Ermənistanın vaxt qazanmaq arzusundan xəbər verir-Elmir Səftərov- ÖZƏL

""Məxməri inqilab" nəticəsində 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn baş nazir Nikol Paşinyan Qarabağ probleminin tənzimlənməsi üçün çalışacağını və bu məsələni həll edə biləcək potensiala sahib olduğunu iddia edərək ilk vədlərini verməyə başlamışdı". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Bəlkə də inqilab nəticəsində xalqın böyük hissəsinin dəstəyini qazanan baş nazirin verdiyi vədləri yerinə yetirəcəyinə inam Ermənistanın əvvəlki liderlərindən daha çox idi. Çünki o erməni cəmiyyəti və dövləti üçün də ciddi islahatlar həyata keçirəcək şəxs kimi gözlənilirdi. Ta ki Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ- Ermənistandır və vəssalam" açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatsum" ideologiyasını ifadə etməsi onun və rəsmi İrəvanın əsl niyyətini büruzə verdi. Sonra baş verənlər isə hər kəsə məlumdur".

E.Səftərov qeyd edir ki, Ermənistan liderləri tarix boyu situativ xarakterli davranışları ilə imzaladıqları sənədlərin və verdikləri vədlərin onlar üçün önəm kəsb etmədiyini sübuta yetiriblər:

"Biz bunu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat zamanı da müşahidə etdik. Belə ki, məğlub Ermənistan kapitulyasiyaya imza atmağa məcbur oldu. Lakin bəyanatın bəndlərinə əsasən üzərinə götürdüyü öhdəliklərin bir çoxunu yerinə yetirmədi. Beləliklə, Azərbaycan İrəvanın yerinə yetirməli olduğu məsələləri özü reallaşdırdı. Buna baxmayaraq, yerinə yetirilməyən 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndi məsələsi vardır ki, Ermənistan bu mövzuda da susqunluq nümayiş etdirir, vaxt uzadaraq Zəngəzur dəhlizinin açılmasına müxtəlif  bəhanələrlə əngəl törədir. Bütün bunlar bir daha Ermənistan dövlətinin hər hansı vədinə güvənməyin əbəs olduğunu deməyə əsas verir.  
Bu günlərdə də iddia olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakıdan vaxt istəyərək 2026-cı il parlament seçkilərindən sonra dövlət Konstitusiyasını dəyişdirəcəyinə dair vəd verib".

Siyasi şərhçinin fikirlərinə görə, hazırkı siyasi konyunktura, davam edən müharibələr fonunda 2 il Ermənistan üçün əhəmiyyətli müddətdir:

"İrəvanın qeyri-konstruktiv siyasəti nəticəsində zədələnən etimad mühiti Ermənistanın zaman istəməsi məsələsinin, sadəcə, öz arzusu olduğunu deməyə əsas verir. Lakin bunun tərəflər arasında razılaşdırıldığı və ölkəmiz tərəfindən qəbul edildiyi ehtimalı olduqca aşağıdır. Əvvəlki illərin təcrübəsi və Ermənistanın asılı olduğu dairələrin tövsiyələrini yerinə yetirmək adəti nəinki bir neçə il sonra, hətta yaxın aylarda da regiondakı müvəqqəti sabit vəziyyəti kökündən dəyişə bilər.  Müşahidə edirik ki, son aylarda mütəmadi olaraq Ermənistan rəsmiləri tərəfindən yaxın zamanda sülhün imzalanması ehtimalları ilə bağlı iddialar səsləndirilir. Digər tərəfdən də Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları ilə hazırkı məqamda sülhdən danışması bir-birinə zidd addımlar. Bu cür xəbərlərin yayılması əslində Ermənistanın vaxt qazanmaq arzusundan xəbər verir, həmçinin İrəvanın  Azərbaycan və Türkiyə tərəfindən ona edilən təzyiqləri müəyyən qədər də azaltmaq niyyətini ifadə edir. Bundan əlavə, maraqlar toqquşması nəticəsində baş verə biləcək müharibə ehtimallarını nəzərə alan Ermənistan bu illərdə hərbi gücünü və iqtisadi dayanıqlılığını artırmağı da planlaşdırır. Son iki ildə ABŞ-la birgə keçirilən təlimlər də bu qəbildəndir. 
Ümumiyyətlə, məlum olan bir məsələ var ki, Ermənistan indiyə kimi məcburiyyət qarşısında qaldığı zaman addımlar atmağa başlayır. Bu baxımdan da İrəvanın zaman istəməsinə öz maraqları kontekstindən yanaşmaq lazımdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31