Sülh prosesində Ermənistanın qeyri-konstruktiv siyasətinin bariz nümunəsi-Sahil Kərimli- ÖZƏL

"Ermənistanın öz konstitusiyasında dəyişiklik etmək məsələsini uzatması, Azərbaycandan bu istiqamətdə vaxt istəməsi ilə bağlı yayılan məlumatlar ilk növbədə bu ölkənin, xüsusilə də baş nazir Nikol Paşinyan komandasının sülh müqaviləsinin imzalanması istiqamətində həyata keçirdiyi qeyri-konstruktiv siyasətin bariz nümunəsidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib:

"Ermənistan yenə də öz məkrli planlarından, sülhə təhdid olmasından əl çəkmək istəmir. Nikol Paşinyan ictimaiyyəti aldatmaq, çaşdırmaq kimi cəhdləri irəli sürür. Ermənistan sülh istədiyini bildirir, amma faktiki olaraq biz Azərbaycanın haqlı tələblərinin yerinə yetirilmədiyinin şahidi oluruq. Azərbaycan Ermənistandan sülh prosesində heç də qeyri-adi bir şey tələb etmir. Azərbaycanın irəli sürdüyü bütün tələblər haqlı və ədalətli tələblərdir".

S.Kərimli Ermənistanın öz konstitusiyasında qonşularına qarşı ərazi iddiaları irəli sürən yeganə dövlət olduğunu qeyd edir:

"Hesab edirəm ki, bu gün Ermənistanın konstitusiyasında dəyişiklik etməkdən  imtina etməsi, bu məsələdə bilərəkdən vaxt uzatması birbaşa olaraq sülhə mane olan addımlardandır. Təbii ki, bu gün sülh birbaşa olaraq Ermənistanın özü üçün lazımdır. Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə addım-addım nail olub. Biz, ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etmişik. Lazım olarsa, Ermənistan şərti sərhədlərimizdə hərbi təxribatlar törətməyə çalışarsa, ölkəmiz, Azərbaycanın qüdrətli ordusu hər an sarsıdıcı və öldürücü zərbələr endirmək qüdrətində və qabiliyyətindədir. Buna görə də bu gün sülhün uzanması, sülh prosesinin ləngidilməsi, Azərbaycanın tələblərinin yerinə yetirilməməsi gələcəkdə Ermənistan üçün çox böyük faciələrə gətirib çıxara bilər. Təbiidir ki, burda bir çox amillər var. Ermənistan da bu məsələlərdə heç də müstəqil siyasət yürütmür. Sülh prosesinin uzadılması, Ermənistanın Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən imtina etməsi Cənubi Qafqazda marağı olan Qərb və Avropa dairələrinin planlarının tərkib hissəsidir. Onlar Ermənistan üzərindən bu cür oyunlar oynayaraq, Ermənistanı sülh imzalamaqdan uzaqlaşdırmaqla  Azərbaycana müəyyən mənada təsir və təzyiqlər göstərmək istəyirlər. Hesab edirəm ki, Azərbaycan Ermənistanın bu mövqeyi ilə heç vaxt barışmayacaq. Ermənistan hər nə olur, olsun, öz konstitusiyasında dəyişiklik etməlidir. Yalnız bundan sonra biz, bu ölkə ilə sülh müqaviləsi imzalaya bilərik".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31