Paşinyan hakimiyyəti Ermənistan Konstitusiyasının dəyişdirilməsinə niyə risk etmir?- ÖZƏL

"Ermənistanın siyasi rəhbərliyi tam dəqiqliyi ilə anlamağa başlayıb ki, ABŞ, Avropa Birliyi, eləcə də Fransanın Ermənistana verdiyi dəstək və yaxud müxtəlif dəstək xarakterli vədlər Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu vədlərin mütləq əksəriyyəti sadəcə şirnikləndirici xarakter daşımaqla heç bir real əsası mövcud deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli  deyib:

"ABŞ və Qərb siyasi dairələri Ermənistana vəd etdiyi dəstəyi demək olar ki, yerinə yetirmirlər. Ona görə də rəsmi İrəvan tam dəqiqliyi ilə anlayır ki, taleyüklü məqamda Azərbaycan qarşısında təklənmiş vəziyyətdə qalacaq. Üstəlik də ABŞ, Avropa Birliyi nə qədər nəhəng beynəlxalq güc mərkəzi olsalar da, Cənubi Qafqazda hər hansı ciddi yerləşmə mexanizmi və yaxud da proseslərə təsir mexanizmlərinə malik deyillər. Bu baxımdan da Ermənistanın təhlükəsizliyini qoruma imkanlarına malik deyillər. Bu səbəbdən Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanmasının Ermənistan üçün yeganə təhlükəsizlik təminatı olduğunu anlayır. Ona görə də sülh sazişini əvvəl-axır imzalamalı olduğunu qəbul edir".

E.Xalidbəyli Paşinyan hakimiyyətinin əsas probleminin hazırda ikiistiqamətli olduğunu vurğulayır:

"Birinci istiqamət ondan ibarətdir ki, Paşinyan hakimiyyəti Ermənistanın siyasi idarəçiliyini demək olar ki, ABŞ, Fransa və Avropa Birliyinə verib. Rəsmi İrəvan Qərbdən gələn bütün təlimatları, sifarişləri yerinə yetirməyə çalışır, ona görə də Qərbdə Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında maraqlı olmadıqlarına görə Paşinyan hakimiyyətinə hələlik sülh sazişini imzalamağa icazə vermirlər. 
Paşinyan hakimiyyəti üçün ikinci problem ondan ibarətdir ki, ölkənin daxilində çox ciddi qarşıdurma mövcuddur. Erməni kilsəsi və Qarabağ klanı, digər müxalif, radikal, revanşist radikal qüvvələr Ermənistan hökümətinə qarşı müqavimət hərəkatı aparmaqda davam edirlər."

Siyasi şərhçi belə bir vəziyyətdə Paşinyan hakimiyyətinin Ermənistan Konstitusiyasının dəyişdirilməsinə risk etmədiyini bildirir:

"Bildiyiniz kimi, Azərbaycan dövləti, Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər Ermənistanla sülh sazişini imzalamaq niyyətində deyil. Bu, rəsmi Bakının əsas şərtlərindən biridir ki, Ermənistan sülh sazişinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarından imtina etməli və bu ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasını dəyişməlidir. Eyni zamanda digər aktlarını da dəyişməlidir ki, Azərbaycana qarşı hər hansı bir ərazi iddiaları qalmasın. Ancaq Paşinyan hakimiyyəti hazırda buna risk etmir. 2026-cı ildə Ermənistanda növbəti parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Paşinyan hakimiyyəti həmin vaxta kimi Ermənistan Konstitusiyasının dəyişdirilməsindən çəkinir. Bunun seçkidə məğlubiyyətlə nəticələnə biləcəyini düşünür. Ona görə də böyük ehtimalla, rəsmi Bakı ilə anlaşmağa çalışır ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi Ermənistanda növbəti parlament seçkilərinin keçilirməsinə qədər təxirə salınsın. Bütün baş verənlərin səbəbi bundan ibarətdir. Paşinyan hakimiyyəti ümid edir ki, əgər rəsmi Bakı rəsmi İrəvana iki il vaxt tanıyarsa, Paşinyan hakimiyyəti də növbəti seçkilərdə qalib gələrsə, onda 2026-cı ildən sonra Ermənistan Konstitusiyasını dəyişməyə hazır olacaq. Bu mesajı verir. Bütün bunların həqiqətən bu istiqamətdə cərəyan edib, etməyəcəyini hələ bilmirik. Yəqin ki, yaxın vaxtlarda Ermənistan mətbuatı üzərindən yayılmış bu məlumata rəsmi Bakının birmənalı və qətiyyətli reaksiyası olacaq. Ondan sonra biz tam dəqiqliyi ilə biləcəyik ki, bu məsələlər ətrafında qarşılıqlı yanaşma tərzi, mövqelər hansı səviyyədədir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31