Paşinyan höküməti regionda qalıcı sülh istəyirsə…-Zeynal Əmrəliyev- ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakıdan vaxt istəyərək 2026-cı il parlament seçkilərindən sonra Ermənistan Konstitusiyasını dəyişdirməyə başlayacağını bildirib.

Paşinyan Bakıdan niyə iki il vaxt istəyir?

"Azərbaycan tərəfi öz mövqeyini Ermənistana açıq şəkildə ifadə edib. Ermənistanın Konstitusiyasında maddələr var, o maddələr dəyişdirilmədən sülh müqaviləsinin həlli mümkün deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Ermənistan tərəfi də məntiqi cəhətdən bunu dərk etməli, başa düşməlidir ki, əgər hər iki tərəf əbədi sülh istəyirsə, Ermənistan Konstitusiyasında olan həmin maddələr dəyişdirilməlidir. Çünki həmin maddələrdə Azərbaycan və Türkiyə əleyhinə olan ifadələr var. Həmin maddələrdə Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə qəsd var. O maddələr dəyişdirilməlidir. Həm öz ölkəmiz, həm də Türkiyəyə qarşı ərazi iddialarını  gündəmə gətirən bir dövlətin   konstitusiyasında bu cür maddələr varsa, biz, onunla necə sülh imzalaya bilərik?"

Z.Əmrəliyev bunun məntiqi cəhətdən düzgün addım olmadığını vurğulayıb:

"Ermənistanda revanşist qüvvələr zaman-zaman yenidən hərəkətə keçmək istəyirlər, açıqlamalar verirlər. Bu, onlar üçün əlavə sitimul olacaq. Həmin konstitusiyadakı maddələrə istinad edərək gələcəkdə hərəkətə keçmək üçün fürsət alacaqlar. Ermənistanın hazırki höküməti bu maddələri konstitusiyada saxlamaq istəyirsə, onlar gələcəyə miras qoymaq istəyirlər ki, gələcəkdə yenidən bu proseslər başlansın. Azərbaycan tərəfi belə bir şeyi qəbul edə bilməz. Bu, nə ədalətə, nə beynəlxalq hüquqa sığışmır, nə də digər prizmalardan düzgün hadisədir. Bu səbəbdən Ermənistan həmin maddələri dəyişdirməlidir. İndi Paşinyanın 2 il vaxt istədiyi deyilir. Bu, ikitərəfli danışıqlarda mümkün olacaq. Azərbaycan və Ermənistanın liderləri arasında görüş keçiriləcək. Həmin görüşdə bu məsələlər müzakirə olunacaq. Yəqin ki, bununla bağlı ortaq bir məsələ tapılar, ancaq istənilən halda Ermənistan konstitusiyasındakı həmin maddələri dəyişməlidir. Paşinyan höküməti regionda qalıcı sülh istəyirsə, maddələri dəyişdirib, normal konstitusiya ilə Azərbaycanla sülh müqaviləsi imzalaya bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31