Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğu qardaşlıq rəmzinə çevrilib- ÖZƏL

"Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə  əlaqələrin qurulması,  inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Son zamanlar reallaşdırılan qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın dərinləşməsində əhəmiyyətli rol oynayır. Bu günlərdə dünyanın diqqəti dövlət başçısı İlham Əliyevin   Pakistana dövlət səfərinə yönəldi. İki ölkənin dostluğu, qardaşlığı bu gün yeni istiqamətlərdə uğurla inkişaf edir".  "Olaylar" xəbər verir ki, bunu YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva deyib:
"Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının şahidinə çevrildi. Tarixi Zəfərimizdən sonra bu birliyin, dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Belə ki,  2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsi məqsədilə Şuşa Bəyannaməsinin,  iyul ayında isə  Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin  Bakıda toplaşaraq Bakı  Bəyannaməsini imzalamaları   əlaqələrin sonrakı inkişafının yol xəritəsi oldu.  Üçtərəfli formatda davam edən   əməkdaşlıq platforması genişlənərək bütün sahələri əhatə edir. İllərdən bəri Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Parlamentlər səviyyəsində  platformanın yaranması təklifi  Azərbaycana məxsus idi.  Hədəf üç ölkənin parlamentləri arasında əməkdaşlığı və əlaqələri inkişaf etdirmək, gücləndirməkdir. Tərəflər bu Bəyannamə çərçivəsində beynəlxalq platformalarda birlikdə hərəkət etməyi nəzərdə tuturlar. Bu günə qədər də Azərbaycan millət vəkillərinin olmadığı beynəlxalq platformalarda Türkiyə deputatları Azərbaycanın maraqlarını müdafiə edirlər. Azərbaycanlı deputatlar da Türkiyə millət vəkillərinin olmadığı platformalarda eyni mövqedən çıxış ediblər.   Üç ölkə arasında iki və çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığın parlamentlərdəki daimi komitələr, dostluq qruplarının iştirakı ilə  inkişaf etdirilməsi  sənəddə nəzərdə tutulan əsas  şərtlərdən biri idi".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31