Azərbaycan bütövlükdə Ermənistanın siyasi sistemi üzərində təzyiq yaradır - ÖZƏL
17 İyul 2024 11:53 Siyasət"Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasını dəyişdirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevdən möhlət istəməsi xəbərləri iddia səviyyəsində olsa da, pərdəarxası həqiqəti əks etdirə bilər".

Bunu Olaylar-a açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov deyib.
Ekspertin fikrincə, Azərbaycanın Ermənistanla sülhün açarı kimi təsvir etdiyi Konstitusiya dəyişikliyi tələbini Paşinyan da dəstəkləmək məcburiyyətindədir.
"Paşinyanın bir neçə dəfə ardıcıl şəkildə ölkə Konstitusiyasının dəyişdirilməsindən söz açması da bu fikrin təsdiqidir. Ermənistanda ana qanununun redaktəsi Azərbaycanın təzyiqi altında reallaşır. Ancaq Paşinyan bunu həm də daxili siyasi çağırış kimi yozmaqla Bakının təzyiqindən kənar proses kimi qiymətləndirməyə davam edəcək ki, erməni ictimaiyyətini rahatlaşdırsın",-deyə A.Kərimov əlavə edib.
Təhlilçi qeyd edib ki, Paşinyan dəyişiklik zərurətlərini Ermənistanın düçar olduğu bəlaların, ölkənin daxili və xarici siyasətinin özlərinə qarşı çevrilmiş qorxunc təsirləri ilə izah etməkdə maraqlı görünür.
A.Kərimov buna görə də düşünür ki, Paşinyan ölkənin ana qanununu dəyişmək üçün əməli addımlara keçəcək.
Ekspertin fikrincə, Azərbaycanın konstitusiya dəyişikliyi ilə bağlı irəli sürdüyü şərt bütövlükdə Ermənistanın siyasi sistemi üzərində təzyiq yaradır.
"Ona görə ki, Ermənistan dəyişikliklərə getsə, erməni ideologiyasını qayə seçmiş partiyalar da manifestlərini dəyişmək məcburiyyətində qalacaqlar. Bu baxımdan Ermənistanda dərin ictimai-siyasi narazılıq yaranacağı qaçılmazdır. Ancaq Azərbaycan Ermənistanın bütövlükdə siyasi sistemi üzərində toppuz qaldıran yeni nəticələr əldə etməkdə israrlı görünür",-deyə A.Kərimov fikrini yekunlaşdırıb.
Erməni mediası iddia edir ki, Nikol Paşinyan rəsmi Bakıdan vaxt istəyərək 2026-cı il parlament seçkilərindən sonra Ermənistan Konstitusiyasını dəyişdirməyə başlayacağını bildirib.
Zeynəb Rzayeva