Minatəmizləmə dövlətimizin əsas siyasi xətlərindən biridir-Şəbnəm Həsənova- ÖZƏL
30 May 2024 16:05 Siyasət"Tarixən minalardan İkinci Dünya müharibəsinin bitməsindən sonra dünyanın bir çox regionlarında bir sıra münaqişələrdə geniş şəkildə istifadə edilmişdir. Minaların təsir dairəsi o qədər genişdir ki, hətta münaqişələr bitdikdən sonra da mülki əhalinin və hərbçilərin öldürülməsindən kənara çıxır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şəbnəm Həsənova qeyd edib:
"Onlardan istifadə ekoloji, iqtisadi və sosial problemdir, həyatı təmin edən sistemləri pozaraq, ətraf mühitin xammal və təbii ehtiyatlarla təmin etmək imkanlarını azaltmaqla iqtisadi inkişafa da xələl gətirir. Minalar təbii sərvətlərə çıxışı da inkar edir, flora və faunanı məhv etməklə bioloji müxtəlifliyi azaldır, ətrafdakı torpağı və suyu yüksək zəhərli maddələrlə çirkləndirir, bu komponentləri pozaraq ekosistemin özünü məhv edir. Minalardan istifadə əkin sahələrinin məhsuldarlığının itirilməsi, geniş əkin sahələrinin onilliklər ərzində təhlükəsiz istifadədən çıxarılması, nəqliyyat və kənd təsərrüfatı bazarlarının pozulması ilə nəticələnir. Minalar qlobal biosferin bir çox komponentlərinə də mənfi təsir göstərdiyi üçün onların zərəri olduqca geniş dairəni əhatə edir. Mina ilə yaxınlıq və ya təmas nəticəsində bu partlaya bilir, bir və ya daha çox şəxsə zərər verir, yaralayır, öldürür. Bu, bir növ insanlara ən qəddar və geniş xəsarətlər yetirən silah kimi də xarakterizə olunur. Onlar miqyası və davamlılığı ilə nəhəng problem, dövlətlərarası qalmaqal da yaradır.
Atmosferə atılan emissiyalar, ətraf mühitə təsirin qiymətləndirilməsi bir çox regionlarda humanitar minatəmizləmənin inkişafı üçün vacib şərtdir. Azərbaycan da ərazisinin 12 faizi minalarla və partlamamamış sursartlarla çirkləndiyi üçün dünyada minalanmadan ən çox əziyyət çəkən ölkədir. Ona görə bu məsələyə də olduqca həssas yanaşaraq sözügedən istiqamətdə silsilə addımlar atılır. Bunun nəticəsidir ki, sözügedən istiqamətdə sayca üçüncü olan "Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda baş tutan beynəlxalq konfrans Azərbaycanın təşəbbüsü ilə keçirilir. O da heç kimə sirr deyil ki, ölkəmiz qlobal səviyyədə minalanmaya qarşı mərkəz stasusunu qazanıb. Konfransı vacib edən məqamlardan biri də onun Zəngilanda baş tutması, qonaqların Zəngilan məscidini və yenidən qurulmuş obyektləri yerindəcə görməsidir.
Müharibə bitəndən bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, 68 nəfər həyatını itirmiş, 293 nəfər isə ağır şəkildə yaralanmışdır. Bütövlükdə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün başladığı vaxtdan bu günə qədər 3400-dən artıq azərbaycanlı minalardan zərər çəkmişdir ki, onların da arasında 358 nəfər uşaq, 38 qadın var. Bu, cinayətdir, hansı ki bütün məsuliyyət Ermənistanın boynundadır. İndiyə kimi dəqiq xəritələr hələ də bizə təqdim olunmur. Üstəlik ermənilər bütün işğal olunmuş əraziləri tərk etməzdən öncə kiçik ərazilərə belə tələ xarakterli minalar basdıraraq çıxırlar ki, bu da onların mənfur xislətindən irəli gəlir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərini sürətlə həyata keçirir ki, 800 min insan öz doğma yuvasına geri dönsün. Təəssüflər olsun ki, mina problemi bu işə mane olmaqla yanaşı, əlavə xərc də tələb edir.
Humanitar minatəmizləmə siyasətinin əsası isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfibndən qoyulub ki, bu məsələ bu gün də dövlətin əsas siyasi xətlərindən biridir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə qurulan fundamental təsisat olaraq humanitar minatəmizləmə fəaliyyətini realizə edir. Torpaqlarımızın minalardan təmizlənməsi üçün işə ən qabaqcıl texnologiya cəlb edilir. Xüsusi diqqət tələb edən və təqdir olunası məsələlərdən biri də ondan ibarətdir ki, qadınlarımız bu sahəyə də cəlb olunmuşdur və qadın minatəmizləyən qrupları ötən ildən etibarən fəaliyyət göstərir. Bu, bəşəriyyəti narahat edən problemdir ki, onu da gözardı etmək olmaz. Beynəlxalq birlik də bu önəmli məsələyə, problemə xüsusi həssaslıqla yanaşmalıdır. Minalar ətraf mühitə, yaşayış vasitələrinə və davamlı inkişaf prosesinə ciddi təhlükə yaradır və təkcə indiki deyil, həm də gələcək nəsillərə təsir göstərir. ANAMA və UNDP arasında imzalanmış sənədin vacibliyi odur ki, bu hadisə Azərbaycanın məsələyə biganə qalmadığını, diqqət mərkəzində saxladığını göstərməklə yanaşı, həm də minatəmizlərə işində öz təcrübəsini bu bəladan əziyyət çəkən ölkələrlə bölüşməsinə də fürsət yaradacaq. Bu istiqamətdə məsələ və nüansların, mövcud reallıqların ölkənin ali şəxsi olaraq cənab Prezident İlham Əliyev tərəfindən konfrans iştirakçılarına müraciəti əsnasında çatdırılması mühüm əhəmiyyət kəsb edir".