Demokratiya adı altında ABŞ özünün maraqlarını təmin etməyə çalışır-Sultan Zahidov- ÖZƏL

"ABŞ Dövlət Departamenti 2023-cü il insan haqları hesabatında bir sıra qərəzli məlumatlar əks olunub. ABŞ bir çox ölkələri reallığı əks etdirməyən səviyyədə insan haqlarını pozuculuqda günahlandırıb".

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Ümumiyyətlə, qeyd etmək lazımdır ki, insan haqları və demokratiya məsələsi son 100 ildə ABŞ xarici siyasətinin əsas təzyiq və təsir alətlərindən biridir. Məhz bu alətlərə söykənərək ABŞ dünya sistemində özünə dost və düşmən ölkələri elan etmişdir. Amma reallıq ondan ibarətdir ki, ABŞ-nin daxilində insan hüquqları və demokratiyayla bağlı ciddi problemlər özünü göstərməkdədir. Bu gün ABŞ-nin özündə də qara dərililərə qarşı diskriminasiya, islamafobiya, insan hüquqlarının kobud şəkildə pozulması faktları davam etməkdədir. ABŞ-nin daxilini qoyaq bir kənara, digər tərəfdən ABŞ-nin əməkdaşlıq etdiyi, dəstək göstərdiyi ölkələr siyahısına baxsaq görərik ki, bu ölkələrin arasında heç də dünyanın ən demokratik ölkələri yer almayıb. Məsələn, Ermənistanın daxilindəki bu siyasi təqibləri, repressiyaları nəzərə alsaq, Ermənistanl sözsüz ki, demokratik saymaq olmaz. Digər tərəfdən Yaxın və Orta Şərqin monarxiya ölkələri var ki, ABŞ onlarla yaxın əməkdaşlıq əlaqələri saxlayır. İnsan haqları və demokratiya alətindən istifadəsi əslində, ikili standartlara dayanır. Dost ölkə olduqda, insan hüquqlarının pozulmasına izin verilir, dost ölkə olmayanda ona insan hüquqlarının pozucusu damğası adı altında damğalanır. Sözsüz ki, ABŞ-nin xarici siyasəti, xaricdə həyata keçirdiyi əməliyyatlar, o cümlədən Qəzzada baş verənlərə göz yumması, İraq və Əfqanıstanda, ələlxüsus İraqda onun ABŞ əsgərlərinin iraqlılara qarşı həyata keçirdiyi işgəncələr onu göstərir ki, insan hüquqları və demokratiyadan dəm vurmaq əvəzinə ABŞ öz daxilində bu sahədə islahatlar həyata keçirsə, daha yaxşı olar. Yenə də görürük ki, ABŞ xarici siyasətdə bu kimi amilləri qabartmağa davam edir. Burada da əsas məqsəd bəlli regionlarda öz maraqlarını təmin etməkdir. Yəni insan hüquqları və demokratiya adı altında ABŞ sırf özünün maraqlarını təmin etməyə çalışır. İraqa da guya 2003-cü ildə ABŞ demokratiya gətirirdi. Həmin demokratiyadan əsər-əlamət qalmayıb. Əfqanıstan da eyni şəkildə. İndi orada radikal Taliban rejimi hakimiyyətdədir. Bütün bu olanlar bir daha onu göstərir ki, ABŞ dünya aləmindəki ölkələri tənqid etmək əvəzinə, öz daxili və xarici siyasətinə fokuslansa və buradakı əyrilikləri düzəltməyə meyil etsə, daha məqsədəuyğun olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31