Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir

İstiqamət: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Ölkədə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olan regionların inkişafı bu gün layyiqincə davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı daim prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısının hər dəfə regionlara səfəri yeni-yeni obyektlərin açılşı ilə müşayət olunur. Etiraf edilməlidir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları ümumilikdə ölkə üzrə kənd təsərrüfatının inkişafına təkan verib. Aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Yeri gəlmişkən xatırladaq ki, Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal Şirvan kanalı adlandırılır, - yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq.
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı zamanı qeyd edib ki, icra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək: "Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır. Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Şirvan kanalının əhəmiyyəti də göz önündə olacaqdır. Bu, bizim ən böyük - suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır. Əminəm ki, yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu yeni kanalın əhəmiyyətini hər kəs görəcək".
Regionların sosial-iqtisadi inkişaf layihəsi çərçivəsində elm və təhsil müəssisələri, səhiyyə ocaqlarının yaradılmasına xüsusi diqqət yetirilir. Bu isə birbaşa dövlət başçısı İlham Əliyevin əhaliyə göstərilən sosial xidmətin yüksək səviyyədə olmasında maraqlı olduğunun göstəricisidir. Belə ki,  Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Döblət başçısına bildirilib ki, qəsəbədə 1983-cü ildə tikilmiş məktəb binasının müasir tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması yeni binanın inşası zərurətini yaratmışdı. Bum qəsəbə tam orta məktəbinin tikintisinə 2021-ci ilin dekabrında başlanılıb. Məktəb binası 26 sinif otağından, kimya, fizika və biologiya laboratoriyalarından, 2 informatika kabinetindən, 2 texnologiya otağından, gənclərin çağırışaqədərki hazırlıq kabinetindən, kitabxana, 195 yerlik akt zalı, idman zalı və 80 yerlik yeməkxanadan ibarətdir. Yeni dövrün çağırışlarına uyğun olaraq, müasir məktəblərin qurulması Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Son 20 ildə Azərbaycanın mərkəzi şəhərlərindən tutmuş ən ucqar kəndlərinə qədər yaşayış məntəqələrində 3600 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
Prezidenti İlham Əliyev aprelin 9-da 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısına bildirilib ki, binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək. Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub. Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib. Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir səhiyyə müəssisəsinin istifadəyə verilməsi yalnız Qəbələ sakinlərinə deyil, bütövlükdə region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan yaradır.
Sadalanan faktlar deməyə əsas verir ki, ölkədə həyata keçirilən sosial infrastruktur layihələr Azərbaycan vətəndaşlarının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan artıq sosial-iqtisadi sahədə bir çox problemlərin öhdəsindən uğurla gəlir. Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar bölgələrin də sosial-iqtisadi inkişafına ciddi təsir göstərməkdədir. Etiraf edilməlidir ki, bölgələrin inkişafında regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası müstəsna əhəmiyyət kəsb edir. 

Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31