Ruben Vardanyan törətdiyi cinayət əməllərinə görə layiq olduğu cəzanı almalıdır-Oqtay Qasımov- ÖZƏL
25 Aprel 2024 17:19 Siyasət"2022-ci ilin sentyabrına qədər Rusiyadan konkret tapşırıqlarla Qarabağa gələn Ruben Vardanyanın adı artıq bir çox qalmaqallarda hallanmışdı. Amerika Konqresinin bir çox konqresmenləri ona sanksiya tətbiq olunması ilə bağlı müraciətlər də etmişdilər".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Belə ki, bu adamın həmin dövrə qədər əsas fəaliyyəti çirkli pulların, xüsusilə də, Rusiya hakimiyyətinə daxil olan şəxslərin vəsaitlərinin yuyulması olub. Bu fırıldaq mexanizmi ilə Vardanyan həm də özü böyük vəsaitlər əldə edib. Bu vəsaitlərin bir hissəsini də o həm Rusiya, həm Qərbdə, o cümlədən ABŞ-də müxtlif siyasətçi və bürokratlara verərək onlarla təmaslar qurub. Həmin şəxslər arasında Amerikanın bir çox tanınmış simaları, o cümlədən hazırki Bayden administrasiyasında önəmli şəxslərdən sayılan Samanta Pauerlə də işbirliyi etdiyi məlumdur. Çox maraqlı hal ondan ibarətdir ki, ABŞ özü Ukraynada separatizmə qarşı mübarizə aparan, Ukrayna hakimiyyətinə dəstək verdiyi halda Ukraynada separatçı rejimi dəstəkləmiş və ona maliyyə yardımı etmiş bir oliqarx hal-hazırda Amerikanın bir çox şirkətləri və mətbuat orqanları tərəfindən müdafiə edilir. Bu prosesdə Samanta Pauerə bağlı qurumların fəaliyyətini xüsusi qeyd etməliyik. Bundan başqa Ruben Vardanyan qeyd etdiyimiz kimi qazandığı pulların bir qismi ilə həm erməni diasporası, həm də erməni kilsəsi arasında ciddi əlaqələr qurub. Beynəlxalq erməni diasporasının aparıcı üzvlərindən sayıldığına görə bu gün ona yaxın olan bütün qüvvələr səfərbər olaraq Ruben Vardanyanı guya həm Nobel mükafatına namizəd kimi təqdim etmək istəyirlər, həm də guya onu qəhrəman obrazında təqdim etməyə çalışırlar. Amma bütün bu cəhdlərə baxmayaraq qeyd etdiyimiz kimi 2022-ci ilin sentyabrında konkret olaraq Moskvadan tapşırıq və təlimatlar alaraq Azərbaycanın Qarabağ bölgəsinə gələn və burda Azərbaycana qarşı fəaliyyətlərdə olan bu şəxs bir çox cinayət əməllərinə qol qoyub ki, bunlardan birincisi, Azərbaycanın ərazi bütövlüyünə qəsd, Azərbaycan sərhədlərini qeyri-qanuni keçmək və burada olduğu müddətdə də iki toplum arasında münasibətlərə ciddi zədə vuracaq əməllərlə məşğul olub və Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışlar edib. Bu baxımdan hal-hazırda Azərbaycan həbsxanalarında olan Ruben Vardanyan törətdiyi cinayət əməllərinə görə konkret ədalət mühakiməsi qarşısında dayanmalı və layiq olduğu cəzanı almalıdır ki, buna da şübhəmiz yoxdur".