Amerika öz maraqları çərçivəsində bu hesabatları tərtib edir - ÖZƏL
25 Aprel 2024 15:43 Siyasət"ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə insan haqların hesabatını açıqlayıb və bu hesabat prinsip etibarilə bizi təəccübləndirmədi".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Əslində, ABŞ-ın bu cür hesabatları real vəziyyəti o qədər də əks etdirmir. İllərlə Azərbaycana qarşı təzyiq istifadə ediblər, yəni Azərbaycanda insan haqlarının pozulması və digər məsələlərə dair əsassız iddialar irəli sürüblər. Buradan da əslində görünür ki, Amerika maraqları çərçivəsində bu hesabatları tərtib edir və düzgünlüyü, qərəzsizliyi məsələsi sual altındadır. Misal üçün, İranla bağlı Güney Azərbaycanda repressiyalar və burada assimilyasiya siyasəti də əslində bu hesabatda qeyd olunub. Əslində bu düzgün bir informasiyadır. Amma bunun İrana qarşı istifadə edildiyini nəzərə alsaq, deyə bilərik ki, Amerika bu tipli informasiyalardan əslində heç də həqiqətən insan haqlarını düşündüyü və yaxud da ki, xalqların taleyini düşündüyü üçün deyil, sırf öz maraqları çərçivəsində məsələyə yanaşma sərgiləyir. Bu baxımdan da biz həmin bu hesabatın reallığı əks etdirmədiyini, bəzi informasiyaların doğru olsa da, sırf ABŞ maraqları çərçivəsində tərtib edildiyini deyə bilərik".