Vardanyanla bağlı kampaniya güclü mərkəzlər tərəfindən qurulsa da, heç vaxt uğur qazana bilməz - ÖZƏL

"Ermənistan Vardanyanın müdafiəsi ilə bağlı PR kampaniyasını məqsədyönlü şəkildə aparır, həm də bu kampaniyanı keçmiş Dağlıq Qarabağda, separatizm hərəkatının ilk başlanğıcından içində olmuş şəxslərə yönəlik yox, məsələn, Kukasyan və digərləri kimi qondarma prezident statusu daşıyan şəxslərin üzərində yox, məhz Vardanyanın üzərində aparırlar".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Bu təsadüfi deyil. Onlar bununla bir növ dünya ictimaiyyətini aldatmaq yolu tuturlar. Belə bir nöqteyi-nəzər ortaya qoymaq istəyirlər ki, heç də separatizmlə birbaşa bağlı olan şəxsləri yox, tamamilə bu proseslərdən kənarda olan və keçmiş Dağlıq Qarabağda ancaq humanitar missiya həyata keçirmək istəyən bir şəxsi müdafiə etdiklərini göstərmək istəyirlər. Amma əlbəttə, dünya çörəyi qulağı ilə yemir, Vardanyanı yaxşı tanıyırlar. Onun fəaliyyəti birmənalı şəkildə bu tezisin üzərində qurulub ki, Vardanyan Azərbaycanın Qarabağ bölgəsində məhz separatizm hərəkatına, yeni bir sifət, yeni bir məzmun və yeni bir mərhələ açmaq üçün Qarabağa gəlmişdi. Ermənilər əvvəlcə onun guya Bakıda digər məhbuslarla müqayisədə daha ağır və nifrətamiz bir şəraitdə saxlandığını ortaya atdılar. Guya ona münasibət digərləri ilə müqayisədə daha aqressiv idi. Sonra onun tam təcrid olunmuş şəraitdə saxlandığını və hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə belə göstərilmədiyi barədə fikir atdılar. Bundan sonra Vardanyanın adını Beynəlxalq Nobel Sülh Mükafatına təqdim olunması üçün bir ideya ətrafında fəaliyyət qurdular. Ondan sonra isə Vardanyanın məhkəməsinin təxirə salınması ilə bağlı absurd fikir ortaya qoydular ki, guya bu Vardanyan əleyhinə rəsmi Bakının tutarlı faktlar tapa bilməməsi ilə bağlıdır. Halbuki dünya bilir ki, Vardanyanın təkcə bu separatçı rejimi gücləndirmək üçün Qarabağa gəlməsi və burada hətta qondarma rejimin dövət naziri təyin olunması faktının özü onun Azərbaycanın suverenliyi və ərazi bütövlüyü kontekstində çox ağır cinayət törətdiyini sübut edib. Ona görə də Ermənistanın başlatdığı bu kampaniyanın hədəfləri də, Vardanyanla bağlı başlatdığı kampaniyanın hədəfləri də, məqsədi, üsulları və metodikası da bizə yaxşı məlumdur və bu, uğursuzluğa məhkumdur. Ancaq ən bağışlanmaz və təqdirəlayiq olmayan şey budur ki, Qərb ölkələri də Vardanyanın müdafiəsinə qoşulurlar. Nəzərə alsaq ki, Vardanyan keçmiş Dağlıq Qarabağda Rusiyanın, yəni, Qərbin geosiyasi rəqibinin siyasətini, kursunu aparan bir şəxs idi, nəzərə alsaq ki, Vardanyan vaxtilə hətta Ukraynada da separatizm hərəkatını, Donetskin və Luqanskın Ukraynadan ayrılma tendensiyasını müdafiə etmişdi, buna baxmayaraq, Qərbin bu gün geosiyasi rəqabət içində olduğu Rusiyanın adamı kimi tanınan Vardanyanı müdafiə etməsinin özü absurddur və bu, bir daha sübut edir ki, Qərbin burada prinsipi nə və kim olursa, olsun, Azərbaycanın əleyhinə və Ermənistanın xeyrinə olan qüvvələri, tendensiyaları dəstəkləməkdir, prinsip bundan ibarətdir. Əlbəttə, belə bəzi hallarda ümumiləşmiş, bəzi hallarda isə ikili standarta söykənən prinsipin üzərində qurulan siyasət təbii ki, iflasa məhkumdur. Vardanyanın müdafiəsi ilə bağlı kampaniya hər nə qədər güclü mərkəzlər tərəfindən qurulsa da, bu yanlış, əsassız və boş bir bazaya söykəndiyinə görə heç vaxt uğur qazana bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31