Azərbaycan dövləti Ruben Vardanyanın iddia etdiyi kimi bir dövlət deyil - ÖZƏL

"Ruben Vardanyanla bağlı təbliğat kompaniyasında təkcə Qərb deyil, ümumiyyətlə, hətta bizim bəzən yaxın bildiyimiz şəxslər, mərkəzlər də yer alır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Mən bir müddət öncə, hələ Ruben Vardanyan həbs edilməzdən öncə də bu məsələni ictimailəşdirmişdim. Məsələn, onu müdafiə edən və onun yaxın çevrəsində olan şəxslərdən biri Azərbaycan ictimai rəyinə də yaxşı tanış olan, bir qismən də olsa Güney azərbaycanlı dediyimiz, Nobel mükafatçısı Şirin İbadidir. Bu gün də Şirin İbadi Ruben Vardanyanın müdafiəsi ilə məşğuldur və təəssüflər olsun ki, bu müdafiə zamanı Azərbaycan dövlətini etmədiyi cinayətlərdə ittiham etməklə məşğuldur. Yəni bu qadın, Nobel mükafatçısı, Ruben Vardanyanın ətrafında dolaşır və Azərbaycan dövlətinə elə Ruben Vardanyanın da münasibətini sərgiləyir. Başqa onun ətrafında olan şəxslərin də adlarına baxanda görürük ki, bunlar müsəlman adlarıdır. Pakistandan, Əfqanıstandan, Afrikanın müsəlman ölkələrindən qadınlar var ki, Ruben Vardanyanın birbaşa ətrafındadırlar və onlar da ona qoşulub Azərbaycan dövlətini ittiham etməklə məşğuldurlar. Görürsünüzmü, siz xristian aləmindən danışırsınız. Mən isə konkret olaraq deyirəm ki, həm Azərbaycana yaxın olan, həm də müsəlman olan şəxslər də onun ətrafında toplaşıb Azərbaycan dövlətinə qarşı fəaliyyətlə məşğul olurlar. Belə olan şəraitdə əlbəttə ki, qərbdəkilərin Ruben Vardanyanı müdafiə etmək üçün səfərbər olunmasına təəccüblənəcək bir şey yoxdur. Nə etməliyik? Onu etməliyik ki, Şirin İbadi başda olmaqla, özünə müsəlman deyən o qadınları arıyıb, axtarıb, onlarla izahat işi aparmalıyıq. Bunu kim aparmalıdır? Əlbəttə ki, Pakistandakı ilə Pakistanla məşğul olanlar, Əfqanıstandakı ilə Əfqanıstanla məşğul olanlar, afrikadakılarla Afrikada məşğul olanlar. Yəni bunlar da kim ola bilər? Əlbəttə ki, hansısa vətəndaş cəmiyyəti qurumlarımızı işləyirsə o istiqamətdə, onlar ola bilər və hər şeydən əvvəl bizim o bölgələrdəki diplomatlarımız, yəni əlçatanlığı olan diplomatlarımız o adamlarla ayrı-ayrılıqda iş aparmalı, onlara izahat verməlidir ki, Azərbaycan dövləti Ruben Vardanyanın iddia etdiyi kimi bir dövlət deyil. Təəssüflər olsun ki, bunu etmirik. Etmədiyimizə görə də "Ruben Vardanyanı niyə müdafiə edirlər?" deyə özümüzə sual veririk. Ona görə edirlər ki, biz öz işimizi yetərincə görmürük və təbiidir ki, Azərbaycandan heç xəbəri olmayan adamlar Rubenin pullarına, təbliğatına aldanır və ona qoşulub üstümüzə gəlirlər. Əlbəttə ki, burada erməni məkri də, ermənipərəstlik də var, bunlar da öz yerində. Amma tutaq ki, Şirin İbadinin, Azərbaycan əsilli bir qadının, Nobel mükafatçısının durub ermənipərəst olması hardan çıxmalı idi? Niyə çıxmalı idi? Niyə biz onunla işləməmişik? Niyə Azərbaycanın, hətta deyərdim, lap hakimiyyəti, dövləti qoyduq bir qırağa, müxalif kəsimi niyə onunla işləməyib? Niyə tənqidçi kəsim onunla işləməyib? Yni, biz demirik ki, Azərbaycan hakimiyyətini tənqid edirlər, eləsinlər. Amma Ruben Vardanyan konkret cinayət əməlləri törədib, ona görə şübhəli bilinərək saxlanılıb. Yəni bununla bağlı niyə Şirin İbadi və digərləri ilə iş aparılmır? Bu işləri biz aparmalıyıq, gözləməli deyilik ki, Amerika, yaxud Qərbdə müəyyən mərkəzlər niyə belə etdi? Edəcəklər, çünki bu gün Vardanyan və ətrafındakı adamlar işləyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31