ABŞ- nin insan haqları ilə bağlı hazırladığı hesabatlara güvənimiz yoxdur - ÖZƏL
25 Aprel 2024 15:50 Siyasət"Amerika Birləşmiş Ştatlarının açıqladığı insan haqları ilə bağlı hesabatlar birmənalı olaraq qismən obyektivlikdən uzaq olur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Amerika Birləşmiş Ştatlarının müəyyən maraqları olur ki, həmin maraqları təmin etmək üçün məhz bu cür vasitələrdən istifadə edirlər. Yəni, orada dövlətlərin konkret olaraq insan haqlarını pozduğu iddialarına daha çox yer verirlər. Hətta baş verməmiş, yaxud da ki, bu və ya digər şəkildə cüzi pozuntular olduğu halda, onları nəhəng insan haqları pozuntuları kimi qələmə verirlər və bunun ardınca da həmin dövlətə basqıları artırır, öz maraqları üçün istifadə edirlər. Bu baxımdan Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin, yaxud da Amerika Birləşmiş Ştatlarındakı müxtəlif mərkəzlərin insan haqları ilə bağlı hazırladığı hesabatlara güvənimiz yoxdur. Şəxsən mən bu işləri yetərincə bilən, uzun illər bu sahə ilə məşğul olan biri kimi, bunu əminliklə deyirəm. Yəni o vasitələr, o insan haqları hesabatları, ayrı-ayrı ölkələrdə insan haqlarının durumu, media azadlığı, ifadə azadlığı və demokratiya məsələləri, internet azadlığı, bu cür məsələlərlə bağlı ABŞ-ın ortaya atdığı iddiaların arxasında onların özlərinə bəlli olan xəbis məqsədləri durur. Ona görə də, biz həmişə bütün ictimaiyyətə çağırış edirik ki, o hesabatlara güvənib, Azərbaycan dövlətinin üzərinə gəlməsinlər. Əlbəttə ki, bu işlərdən anlayanlar bizim çağırışlarımızı eşidirlər. Anlamayanlar, yaxud anlamaq istəməyənlər Amerika Birləşmiş Ştatlarının əlində maşaya çevrilib öz dövlətimizin üzərinə gəlməyi seçirlər. Bu da artıq onların tərəf seçməsidir və təbiidir ki, anti-Azərbaycan məqsədli belə hesabatlara əsaslanıb dövlətin üzərinə gəlmək artıq başqa şeydən xəbər verir".