Sülhməramlı qüvvələrin çıxarılması iki dövlət arasındakı qarşılıqlı etibar və etimadın göstəricisidir-Mübariz Göyüşlü- ÖZƏL
23 Aprel 2024 21:27 Siyasət"Azərbaycan və Rusiya əsasında qarşılıqlı etimada əsaslanan zəngin əməkdaşlıqdan ibarət münasibətlər mövcuddur. Azərbaycan Prezidentinin Rusiyaya səfəri bu münasibətlərdə yeni səhifənin açılması deməkdir".
Bu fikirləri "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib:
"Burada Ulu Öndər Heydər Əliyevin xatirəsinin xüsusilə qeyd olunması, Baykal-Amur magistralının tikintisində Heydər Əliyevin rolunun qabardılması çox önəmlidir. Ümumiyyətlə, Ümummilli Liderin həyat və fəaliyyətində bu cür möhtəşən çalışmalar geniş yer tutur. Sovet İttifaqı kimi dünyanın ən böyük, ən güclü dövlətlərindən birinin rəhbər vəzifələrində işləməsi, orada üçüncü şəxs statusunda çıxış etməsi Heydər Əliyevin böyük dövlət xadimi olmasının göstəricisidir. Onun fəaliyyətlərindən biri də bu planın tikintisi idi, neçə illər keçsə də belə xatırlanır və həm də Azərbaycan-Rusiya münasibətlərində müsbət tendensiya kimi diqqətə gəlir. Bu səfər Rusiya sülhməranlı kontingentinin Azərbaycan çıxarılması ərəfəsində baş verdi. Sülhməramlı qüvvələrin çıxarılması iki dövlət arasındakı qarşılıqlı etibarın və etimadın göstəricisidir. Münasibətlər o səviyyədədir ki, biz iqtisadi, ticari, humanitar və digər əməkdaşlıqlarla bu münasibətlərimizi daha da gücləndirmiş oluruq. Bütün bunların hamısını yüksək dialoq, qarşılıqlı anlaşma, siyasi mədəniyyət adlandıra bilərik. Azərbaycan xarici siyasəti bir tərəfdən asılı deyil. Azərbaycan siyasəti yalnız Azərbaycan meyillidir. Azərbaycanın maraqlarına uyğun nə varsa, onu gerçəkləşdiririk. Buna çox vektorlu siyasət deyirlər. Qonşularımız, tərəfdaşlarımızla normal münasibətlər qururuq. Bu sırada Rusiya da ön sıralarda gedir. Bu da təbiidir. Çünki Rusiya bizim həm qonşumuz, həm də neçə yüzillik tarixi istiqamətdə olan münasibətlərimiz var. Düşmənçilik etmək fikrimiz, buna gərək də yoxdur. Qərb dövlətlərindən və onlardan qidalanan bəzi qrupların bu münasibətləri qızışdırmağa cəhd göstərməsinin mənası yoxdur. Azərbaycan öz işini yaxşı bilir və bu planlı aydın siyasi xətt üzrə də davam edir".