Bu gün Bakı və Moskva bir çox sahələrdə uğurla əməkdaşlıq edir- ÖZƏL
23 Aprel 2024 17:10 Siyasət"Mühüm strateji layihənin reallaşdırılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini Rusiya dövləti və ictimaiyyəti heç vaxt unutmur, xalqımızın əvəzsiz övladına minnətdarlığı ifadə olunur. Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə keçirilən görüşündə səsləndirilən fikirlər bunu bir daha təsdiqləyir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov deyib: "Ulu öndər Heydər Əliyevin BAM-ın tarixində müstəsna, böyük rol oynadığını, onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik etdiyini və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmədiyini vurğulayan Rusiya lideri Vladimir Putin diqqətə çatdırdı ki, bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. Cənab Putinin "Rusiya-Azərbaycan əməkdaşlığının digər sahəsi bu gün BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğundur" deməsi iki ölkə arasındakı əlaqələrin geniş miqyasını göstərir. Bu gün Bakı və Moskva bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. İqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir, ticarət, investisiya qoyuluşlarında artım var. Regional əməkdaşlıq, xüsusilə də postmüharibə dövründə sabitlik və təhlükəsizlik məsələlərin həllində qarşılıqlı hörmət və mövqe yaxınlığı müşahidə olunur. Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağı tərk etməyə başlaması iki ölkə liderləri arasında razılaşmanın əldə olunması belə deməyə əsas verir. Bu, həm də Prezident İlham Əliyevin regional münaqişənin birdəfəlik həllində əldə etdiyi növbəti uğurdur".