Azərbaycanın torpaqlarını geri qaytarmamaq ciddi eskalasiyaya gətirib çıxaracaq-Oqtay Qasımov -ÖZƏL
20 Mart 2024 13:11 Siyasət"Paşinyanın qeyd olunan ərazidə əhali ilə görüşməsi və orada səsləndiriyi fikirlər Ermənistanda düşünən hər bir kəsi maraqlandıran fikirlərdir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylara açıqlamasında bildirib:
"Paşinyan reallıqları bilir və qəbul edir. Ona görə də açıq şəkildə orada yaşayan əhaliyə bildirir ki, bizim olmayanı verməyimiz lazımdır. Yəni, bizim olanı almaq üçün bizim olmayanı verməliyik deməklə çox doğru bir mövqe sərgiləyib. Erməni cəmiyyətinə də mesaj verir ki, prosesi uzatmaq, onu əngəlləmək, yaxud Azərbaycanın torpaqlarını geri qaytarmamaq sonunda ciddi şəkildə bir eskalasiyaya gətirib çıxaracaq. Burda da ən çox zərər çəkən Ermənistan olacaq. Bu baxımdan hesab edirəm ki, Ermənistanda rasional düşünən, tarixi bilən hər kəs bilir ki, qeyd olunan kəndlər Azərbaycan əraziləridir. Onlar hər zaman belə olub. Ermənilərin istinad etməyi sevdiyi sovet dönəminin son mərhələsinin xəritələrində də həmin ərazilər Azərbaycan əraziləri kimi qeyd olunub. Bu kəndlərin işğal tarixi də bəllidir. Düşünürəm ki, delimitasiya komissiyalarının növbəti görüşlərində və çox da uzaq olmayan zamanda bu kəndlərin Azərbaycana qaytarılması real şəkildə həyata keçiriləcək".