Cənab Prezidentin də dediyi kimi "bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır.”-Yusif Bağırzadə- ÖZƏL

"Azərbaycan ilə Gürcüstan arasında möhkəm təməllər üzərində qurulan əlaqələr, iki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb". 

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylara açıqlamasında bildirib:

"Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər həm də mükəmməl hüquqi bazaya malikdir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir və bu da təbiidir. 
Cənab Prezidentin də dediyi kimi "bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır." Əlbəttə ki, bu münasibətlər qarşılıqlı etimad üzərində qurulub. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır.
İki ölkə liderlərinin birgə səyləri ilə əməkdaşlıq daha da yüksək səviyyəyə qaldırılaraq regionda sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə böyük töhfələr verir.
Elə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Baş nazir vəzifəsinə seçiləndən sonra dərhal Azərbaycana səfər etməsi də ölkələrimizarası münasibətlərin yüksək və sarsılmaz olduğunun göstəricisidir.
İki qonşu ölkə hər zaman bütün beynəlxalq tədbirlərdə bir-birinə dəstək nümayiş etdirərək öz əlaqələrini strateji müttəfiqlik səviyyəsinə çatdırmışdılar. Azərbaycan və Gürcüstan həm iqtisadi, həm siyasi, həm də ticari sahədə çox müvəffəqiyyətlə əməkdaşlıq edərək beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeləri ilə fərqlənmişdilər. Gürcüstan və Azərbaycanı tarixi dostluq, mehriban qonşuluq münasibətləri ilə yanşı həm də sıx strateji tərəfdaşlıq, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bu layihələrinin uğurla həyata keçirilməsi hər iki dövlətin milli maraqlarına uyğundur və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhvələr verir. Dövlətlərin birliyi əlbəttə ki, regionda təhlükəsizliyin, sülhün, əminamanlığın təmin edilməsi, insanların rahat həyatı üçün çox vacibdir. Çünki, Azərbaycan və Gürcüstan təcavüzdən, separatizmdən əziyyət çəkən dövlətlərdəndirlər və bu dövlətlər uzun illər bunun ağrılarını yaşamışlar.
Azərbaycan öz torpaqlarını erməni təcavüzkarlarından azad etsə də Gürcüstanın mühüm əraziləri hələ də separatçıların əlindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də məhz bu baxımdan görüş zamanı əsas diqqəti ölkələrin suverenliyinin, müstəqilliyinin möhkəmlənməsinə, Cənubi Qafqazda sülhün yaradılmasının və iqtisadi inkişafın təmin edilməsinin vacibliyinə yönəldərək, bildirdi ki, iki qardaş ölkə bundan sonra da əl-ələ verərək, irəliyə gedəcək və qarşıda duran bütün vəzifələr birlikdə həll ediləcək. Çünki, dövlətlərin buna imkanı vardır.
İmkanlar isə həqiqətən genişdir. Gürcüstan və Azərbaycan arasında mühüm nəqliyyat, neft, qaz layihələri uğurla həyata keçirilməklə bərabər, enerji layihələrinin hazırlanması üçün də tədbirlər görülməkdədir. Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyulması, ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi münasibətlərin möhkəmləndirilməsi bunu söyləməyə əsas verir. Hər iki ölkə gələcək üçün mühüm layihələrin hazırlanması və həyata vəsiqə alması üçün böyük potensiala malikdir. Bu, sözsüz ki, qardaş xalqlarımızın birliyini, daha yaxşı həyatını və uğurlarını təmin edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31