Bu gün Putinin qarşısında 2 məqsəd var...-Kazım Kazımov- ÖZƏL
18 Mart 2024 20:23 Siyasət"Vladimir Putinin bu seçkilərdə qələbəsi gözlənilən idi. Çünki, bu gün Rusiyada münasibətlərin Qərblə kəskinləşdiyi bir dövrdə Ukraynada müharibənin davam etdiyi bir vaxtda Putinin Kremldən gedəcəyi gözlənilən hal deyildi".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylara açıqlamasında bildirib:
"Ona görə də Putin yenə də seçkilərdə qalib gələrək Kremldə hakimiyyətini davam etdirir. Təbii ki, bir çox şərhçiyə görə Putinin son dönəmidir. Ancaq bunu bilmək olmaz. Ən azından 2036-cı ilə qədər Putinin yaşı və səhhəti maneə törətməzsə, qalmaq imkanı olduğunu bilirik. Konstitusiyaya dəyişiklik edildikdən sonra bu hüquqa sahibdir. Putinin iqtidar dönəmi Rusiya üçün çox kritik dönəm olacaqdır. Çünki, Rusiyanın bu dövrdə çox ciddi problemləri var. Belə ki, bir az əvvəl sadaladığım kimi Ukraynayla müharibə davam edir, Qərblə Rusiya arasında münasibətlər demək olar ki, tarixin ən kəskin həddinə çatmışdır. Rusiyaya qarşı minlərlə sanksiyalar, embarqolar uyğulanır. Lakin biz Rusiyanın bir çox şərhçilərin dediyi kimi çox da çətin vəziyyətdə olduğunu deyə bilmərik. Əvvəla Ukrayna müharibəsində Putinin Ukraynaya nisbətən üstünlüyü davam edir. Digər tərəfdən sanksiyalar və embarqolara rəğmən Rusiyanın iqtisadiyyatı çökmədi. Tam əksinə, Rusiya iqtisadiyyatı stabilliyini qoruyur və Rusiyanın sanksiyaları da yardığını görürük. Belə ki, Rusiyanın neft satışlarından gəlirləri 2022-ci ilə görə 2023-cü ildə daha da artmışdır. Bu da onu göstərir ki, Rusiya siyasətinə sanksiyalar ciddi təsir göstərmir. Bu gün Putinin qarşısında 2 məqsəd var: Ukraynaya qalib gəlmək və Qərblə münasibətləri yenidən normallaşdırmaq. Rusiyaçılıq, avrasiyaçılıq, anriqərbçilik düşüncələrində olan birinin komandada yetişdirilməsi və Putindən sonra iqtidara gətirilməsi də gözlənilən haldır. Rusiyada nominal olaraq yüksəlişlər olsa da, müharibənin, sanksiyaların təsirləri ilə inflyasiya yüksəldiyi üçün əhalinin gəlirlərində də azalma baş vermişdir. Putin bu dövründə də iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün əlindən gələni edəcəkdir. Düşünürəm ki, Putin Qərblə münasibətləri düzəltməkdən ziyadə, keçmiş sovet respublikaları ilə, Şərq bloku ölkələri ilə, Çin və Hindistanla münasibətləri daha da gücləndirmək siyasəti izləyəcəkdir".