Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti var-Yusif Bağırzadə- ÖZƏL

"Şübhəsiz ki, beynəlxalq miqyasda tanınmış Bakı forumu gündəmə gətirdiyi məsələlərin əhatə dairəsi, əhəmiyyəti, qlobal miqyası, eləcə də müzakirə olunan mövzuların aktuallığı baxımından dünyanın düşünən beyinlərini bir araya gətirən nüfuzlu bir platformadır". 

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb.
Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib.
Forumlarda keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumların digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsindən, qlobal çağırışları və onlara necə cavab verilməsini müzakirə etmək imkanından ibarətdir. Bu baxımdan, Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti var. Ümumiyyətlə isə qeyd edim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə də "Parçalanmış dünyanın bərpası" mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Dünyanın 70 ölkəsindən 400-ə yaxın nümayəndənin, tanınmış siyasi, mədəniyyət, elm xadimlərinin iştirak etdiyi, 40-dən çox sabiq prezident və Baş nazirin qatıldığı Forumu əhəmiyyətli edən məqamlardan biri də Prezident İlham Əliyevin ənənvi olaraq bu forumlarda iştirakı və iştirakçılarn çoxsaylı suallarını cavablandırmasından ibarətdir. Bu, Azərbaycan həqiqətlərinin çatdırılması, hadisələrə ölkəmizin baxışlarını çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. 
Forumda çıxış edən ölkə başçısı Qlobal Bakı Forumunun uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrildiyinə diqqət çəkərək bu Qlobal Bakı Forumunu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib platforma adlandırdı. Həqiqətən də biz Forumda nümayəndələrin iştirak sayına, ölkələrin təmsilçiliyinə, iştirak edənlərin nüfuzuna və eləcə də müzakirə olunan məsələlərin mövqularına baxdıqda görürük ki, Bakı Forumu ciddilik baxımından nə Davos Dünya İqtisadi Forumundan, nə də Münxen Təhlükəsizlik Konfransından geri qalmır. 
Daha sonra çıxışında sonuncu görüşdən, yəni X Qlobal Bakı Forumundan sonra dünyada və regionda bir çox hadisələrin baş verdiyinə diqqəti çəkən ölkə başçısı region üçün əsas geosiyasi dəyişikliyin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olduğunu qeyd etdi. "Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var" deyən ölkə başçısı uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərildiyini, İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışıqların məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olması baxımından vacib olduğunu dedi. 
Azərbaycanın qeyri-qanuni işğalın qurbanı olduğunu, etnik təmizləməyə məruz qaldığını xüsusi vurğulayan dövlət başçısı, həmçinin əlavə edib: "Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik. Prezidentin də dediyi kimi son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər.
Prezident çıxışında həmçinn müharibəni qaçılmaz etmiş amillərlə bağlı da danışdı və bldirdi ki, 2019-cu ildə Ermənistanın yeni rəhbərliyi "Azərbaycan separatçılarla danışıqlar aparmalıdır, sülh müqaviləsinin əsasını təşkil edən bu vaxta kimi olan bütün məsələlər sıfırlanmalıdır və hər şey yenidən başlanmalıdır, Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə qaytarmayacaq" kimi tamamilə qəbuledilməz təkliflər irəli sürdü. Bundan əlavə, Ermənistanın baş nazirinin məşhur "Qarabağ Ermənistandır" şüarı səsləndi. Prezidentin də qeyd etdiyi kimi bütün bunlar Azərbaycanı konkret addımlar atmağa məcbur etdi və nəticədə 2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana sözün əsl mənasında dərs verilmiş oldu. Xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamağın mümkün olmadığı hər kəsə dərs oldu. 
Daha sonra çıxışında Fransa-Azərbaycan münasibətlərinə toxunan İlham Əliyev 1990-cı illərin əvvəllərində ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladaraq, İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına Parisin reaksiyasının qeyri-adekvat olduğunu bildirdi. Azərbaycan Prezidenti forum iştirakçılarını beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri, Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumatlandırdı ki, bu da beynəlxaq birliyin diqqətini baş verən haqsızlıqlara yönəltmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. 
Şübhəsiz ki, martın 16-dək davam edəcək Forum COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılması, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salmaq baxımından mühüm nəticələr əldə edəcək.
Son olaraq qeyd edim ki, XI Qlobal Bakı Forumu Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini, Azərbaycan yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına da əlavə stimul vermiş olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31