Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən biri rolundadır-Oqtay Qasımov- ÖZƏL

"Bakıda keçirilən XI Beynəlxalq Qlobal Bakı  Forumunun  əhəmiyyəti getdikcə daha çox artmağa başlayıb". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a  açıqlamasında bildirib:

"Belə ki, bu  forum özünün tərkibinə və müzakirə olunan mövzuların vacibliyinə görə artıq beynəlxalq status almış bir toplantıdır. Orada dövlət başçısı İlham Əliyevin  çıxışı da xüsusi diqqət çəkdi və   Azərbaycan Prezidenti həm Beynəlxalq Nizami Gəncəvi Təşkilatının rolunu, Bakıda keçirilən forumun əhəmiyyətini qeyd etməklə bərabər,  vacib məsələlərə, o cümlədən, beynəlxalq səviyyəli məsələlərə toxundu. Xüsusilə də, diqqət çəkən məqamlardan birinə- 30 il müddətində Azərbaycan ərazilərinin işğal altında olması və bu prosesdə bir çox beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun roluna toxunuldu. Onların mənfi rolu xüsusi qeyd edildi. Prezident qeyd etdi ki, uzun zaman ərzində beynəlxalq vasitəçilər məhz Azərbaycanı işğal faktı ilə barışdırmağa çalışır və bunu qəbul etdirmək istəyirdilər ki, Azərbaycan bunu qəbul etmədi. Ondan sonrakı dövrdə Azərbaycan beynəlxalq hüququ da əsas alaraq, öz torpaqlarını da azad edərək suverenliyini bərpa etdi. Bu prosesə bir çox beynəlxalq təşkilatlar və dövlətlər pozitiv yanaşsa da, Fransanın bu məsələdə mövqeyinin qeyri-adekvat və mənfi olduğu xüsusi qeyd olundu. Özünü guya Avropanın ən mədəni və mədəniyyətinin beşiyi sayan Fransanın hal-hazırda islamafobiya ruhunun yüksək olması və Azərbaycan şairəsi Natəvanın heykəlinə qarşı vandalizm və bu vandalizm aktına Fransanın rəsmi dairələrinin heç bir reaksiya verməməsi kimi məsələlərə toxunuldu. Bu məsələlər diqqətə çatdırıldı. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan Prezidenti öz çıxışını əyani faktlarla əsaslandırdı ki, bu da çox vacib idi. Ümumiyyətlə, bu toplantıda Azərbaycan Prezidenti olduqca vacib məqamlara toxundu. Burada həm Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa etməsi, bu prosesdə neqativ halların olması, bir çox dövlətlərin bu prosesə əngəl olmağa çalışması məsələləri ilə bərabər, Azərbaycanın sülhə hazır olduğunu bildirməsi çox vacib idi. Çünki, beynəlxalq tədbirdə bunun səslənməsi bir çox Qərb dairələri və Ermənistan tərəfindən aparılan kampaniyaya bir cavab idi. Bundan başqa iqlim dəyişiklikləri ilə bağlı COP29 beynəlxalq forumun keçirilməsinə də toxunuldu. İştirak edən bir çox ölkə nümayəndələri, o cümlədən,  BMT-nin təmsilçisi də bu məsələlərdə Azərbaycanı dəstəklədiyini ifadə etdilər. Bir sözlə, bu toplantı Azərbaycanın beynəlxalq imicinin artmasına təsir edən amillərdəndir. Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən biri rolunda özünü göstərməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31