Azərbaycan artıq qlobal təhlükəsizlik məsələlərinin həllində ciddi aktora çevrilməkdədir-Sultan Zahidov- ÖZƏL
15 Mart 2024 08:56 Siyasət"Martın 14-də Bakının Gülüstan sarayında Birinci Qlobal Bakı Formu öz işinə başlamışdır.Bu forum 3 gün ərzində davam edəcəkdir və bu da o deməkdir ki, Azərbaycan növbəti 3 gün ərzində dünyanın diqqət mərkəzində olacaqdır."Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:"Qeyd etmək lazımdır ki, 2013-cü ildən etibarən Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə həyata keçirilən Qlobal Bakı Forumları artıq ənənəvi hal alıb. Bu forumlarda mütəmadi şəkildə dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilardan nümayəndələr fəal şəkildə iştirak etmiş və dövrün aktual problemləri, təhlükəsizlik məsələləri müzakirə olunmuşdur. Məhz bu faktorları nəzərə alsaq əminliklə söyləyə bilərik ki, Qlobal Bakı Forumu əhatə etdiyi iştirakçıların sayına və toxunulan mövzuların əhəmiyyətinə görə heç də Münxen Təhlükəsizlik Konfransından geri qalmır. Sözsüz ki, Azərbaycanın bu kimi tədbirləyə evsahibliyi etməsi bir daha onun artan beynəlxalq nüfusunun və statusunun göstəricisidir. Bütün dünya dövlətləri artıq Azərbaycanın yaratdığı reallıqları qəbul etmiş və Azərbaycanın nəinki regional, hətta beynəlxalq səpkidəki problemlərin həllində aktiv rol aldığını nəzərə alırlar. Bu dəfəki formun mövzusu kifayət qədər aktiv olan "parçalanmış dünyanın bərpası" mövzusudur ki, burada Azərbaycanın təşəbbüs göstərməsi artıq bir daha onun qlobal təhlükəsizlik məsələlərinin həllində də böyük rol oynadığının göstəricisidir. "Parçalanmış dünyanın bərpası" mövzusu ona görə aktualdır ki, dünya bu gün həqiqətən də birləşmək əvəzinə parçalanmağa doğru gedir. Dünyanı bürüyən bu qütbləşmə, geosiyasi rəqabət sözsüz ki, dövlətləri bir-birindən ayıran faktordur. Belə olan halda, müharibə və münaqişə ehtimalı artmış olur. İndiki halda isə biz dövlətlərin qlobal çağırışlar önündə birləşməsini, həmrəy olmasını gözləsək də, əfsuslar olsun ki, bunun əksi baş verməkdədir. Ukraynada, Yaxın Orta Şərqdə baş verən müharibələr bir daha onu göstərir ki, dünya birliyə doğru addım atmalı və qlobal problemlərin həllində birgə fəaliyyət göstərməlidir. Bu baxımdan Azərbaycan sözsüz ki, bu məkanın birliyinə və həmrəyliyinə töhfə vermək üçün Azərbaycanın belə bir forum təşkil etməsi təqdirə layiq haldır. Qeyd etmək lazımdır ki, bu dəfəki forumda da əvvəllər olduğu kimi dünyanın bir çox ölkələrinin dövlət başçıları, nümayəndələri və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Misal olaraq elə Albaniyanın prezidenti Bayram Beqayı, Ümumdünya Səhiyyə təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusu göstərə bilərik. Onu da qeyd etmək lazımdır ki, bu dəfəki Qlobal Bakı Formunda bir sıra mühim məsələlər müzakirə olunacaq. Onların sırasında COP28-in nəticələri və COP29-a hazırlıq mərhələsi, eyni zamanda, yeni dünya nizamına yaradılan təhdidlər hal-hazırda beynəlxalq təhlükəsizlik və sülhə olan təhdidlər və onlarla mübarizə aparma yolları, qlobal çağırışların həlli yolları, dünyanı sarsıdan meqatəhdidlər, o cümlədən, qida, iqlim, nüvə təhlükəsizliyi problemlərinin həlli yolları kimi mövzulara toxunulacaq. Eyni zamanda da, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı, terrorizm, miqrasiya məsələləri kimi təhlükəsizliyi təhdid edən məqamlara da bu forumda toxunulacaqdır. Bu onun göstəricisidir ki, Azərbaycan artıq qlobal təhlükəsizlik məsələlərinin həllində ciddi aktora çevrilməkdədir və sözsüz ki, Qlobal Bakı Forumu kimi bir platformanın təşkil olunması da bunun bariz nümunəsi sayıla bilər".