Əməkdaşlığa sadiqliyin nümayişi- ÖZƏL
15 Mart 2024 08:42 Siyasət"Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir." Olaylar xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: " Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Görüşdən sonra hər iki ölkə başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökumət tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi inşa edilir. Bu addımı yükəsk qiymətləndirən cənab Prezident deyib: "Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Sabah biz birlikdə bizim keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq bu mərkəzi açacağıq. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir."