Azərbaycan istəyir ki, bütün ölkələrin ərazi bütövlüyünə qlobal səviyyədə eyni münasibət bəslənsin-Vüqar Əhmədov- ÖZƏL
14 Mart 2024 18:03 Siyasət"Bu gün öz işinə başlayan XI Qlobal Bakı Forumu həm mövzusuna, iştirakçıların miqyasına və Azərbaycanda yaranan yeni reallıqlardan sonra ən əhəmiyyətli Forum hesab edilə bilər. Mövzu kimi qoyulan "Parçalanmış dünyanın bərpası" mövzusu bu gün dünyanın aparıcı siyasi və təhlil mərkəzlərini düşündürən əsas suallardandır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Söhbət burada tək ərazi müharibələri və münaqişələri deyil, eyni zamanda ideoloji və siyasi parçalanmalardan gedir. Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxışı zamanı məhz bu məqamları qonaqların diqqətinə çatdırdı. 2020-ci ildə 44 günlük vətən müharibəsi və keçən ilin 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycanın ərazi baxımından parçalanmadan qurtulması və bütövləşməsi anı idi. Azərbaycan istəyir ki, bütün ölkələrin ərazi bütövlüyünə qlobal səviyyədə eyni münasibət bəslənsin. Lakin təəssüf ki, Fransa kimi ölkələrin, Avropa İttifaqı kimi siyasi təsisatların timsalında biz bunun əksini gördük. XI Qlobal Bakı Forumu platforması məhz bu baxımdan unikal bir platforma sayıla bilər və burada toplaşan hazırkı və keçmiş hökumət rəhbərləri müxtəlif qitələrin və sivilizasiyaların təmsilçiləridir. Bu bizə imkan verir ki, Qərbdə Fransanın koordinatorluğu ilə Avropa Parlamenti səviyyəsində ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın məhz belə platformalarla cavabını verək və informasiya hücumunu parçalayaq. Məhz bu baxımdan Cənab Prezident əbəs yerə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatındakı rolumuzu və Avropa İttifaqının 9 üzv ölkəsi ilə uğurlu işbirliyimizi vurğulamadı. Bu Fransaya bir daha bir mesaj idi ki, 30 illik işğal dövründə Ermənistanın xeyrinə heçnəyi dəyişə bilmədiyi kimi, bu günkü davranışları da yanlışdır və regiona əlavə gərginlik vəd edir.
Qlobal Forumun Azərbaycanda keçirilməsi isə bir daha ölkəmizin sülh, dialoq və anlaşma məkanı olduğunu ortaya qoyur və verilən mesajlardan belə anlamaq olar ki, Cənubi Qafqazda tərəflər heç zaman olmadığı qədər indi sülhə yaxındır.
Prezident İlham Əliyev öz çıxışında iştirakçıları və indi bütün dünyanı maraqlandıran COP29 mötəbər tədbirinə ölkəmizin ev sahibliyi etməsindən və qlobal enerji və bərpa olunan enerji ilə bağlı görülən işlərin miqyasından danışdı. Görünən odur ki, Azərbaycan hərb meydanında inamlı uğur qazanandan və ərazi bütövlüyünü tam bərpa edəndən sonra daha inamla digər uğurlara doğru irəliləyir və bu uğurları Qərbdə İslamafob dairələr və Fransa kimi həzm edə bilməyən dövlətlər var. Məhz COP29 tədbiri bu qəbildən sayıla bilər, ona görə bu dairələr sadəcə hələ həzm edə bilmirlər ki, necə olur orta güc səviyyəli bir ölkə məhz öz gücünə belə genişmiqyaslı hərbi və diplomatik uğurlara imza atır, eyni zamanda qlobal səviyyədə dialoq və anlaşmaya, sülhə, iqlim dəyişmələri ilə mübarizəyə həsr olunan qlobal səviyyəli mötəbər tədbirlərə ev sahibliyi edir. Bütün bu mötəbər tədbirlərin və qlobal Forumların ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinə qlobal səviyyədə etimadın olmasından irəli gəlir. Təsadüfi deyildir ki, Fransanın illərdir müstəmləkəsi olan xalqlar öz səslərini dünyaya duyurmaq üçün bir tribuna kimi Azərbaycanı görürlər. Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi Azərbaycan uzun illərdir sürən ərazi bütövlüyü məsələsini özü, heç bir beynəlxalq gücün dəstəyi olmadan həll etmiş oldu və bu gün də belə mötəbər tədbirlərə ev sahibliyi etməklə qlobal diplomatiyanı uğurla təşviq edir".