Ermənistan sülh müqaviləsini öz iradəsi əsasında imzalaya bilməz-Elmir Səftərov- ÖZƏL
14 Mart 2024 18:00 Siyasət"2013-cü ildən keçirilməyə başlayan Qlobal Bakı Forumu hər dəfə fərqli mövzularla dünyanın gündəmində olan məsələlərin müzakirəsi ilə beynəlxalq konfrans kimi diqqətləri öz üzərinə çəkməyi bacarır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:
"XI Qlobal Forum da bu baxımdan əhəmiyyətli tədbir kimi öz potensialını ortaya qoydu. Prezident İlham Əliyev də mötəbər tədbirdə çıxış edərək, Azərbaycanın regional və qlobal səviyyədəki yerini bütün dünyaya bir daha nümayiş etdirdi. Ölkəmizin hər zaman beynəlxalq hüquqa sadiq olduğunu, etibarlı tərəfdaş kimi tanıdığını bir daha bəyan etdi.
Azərbaycan sabitliyə önəm verən dövlət kimi növbəti dəfə Ermənistana və dünyaya sülh mesajı verdi. Müstəqillik tarixində heç zaman sülhə bu qədər yaxın olmayan keçmiş münaqişə tərəfləri bu gün fürsətlərdən istifadə edə bilərlər. Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdən Azərbaycan öz iradəsini ortaya qoyub və qarşı tərəfdən də eyni davranışı gözləyir. Lakin Qərbin, xüsusilə də Fransanın diqtəsi ilə hərəkət edən İrəvan geosiyasi reallıqları hələki nəzərə almır və qeyri-rasional davranış sərgiləyir. Dünyadakı mövcud mənzərə baxdıqda görünür ki, zaman keçdikcə vəziyyət daha da gərginləşir və yeni münaqişə ocaqları yaranır.
Amma siyasətin yazılmamış qaydaları da vardır ki, dəstək verən güclər, dəstək verilən dövlətin atdığı addımları tənzimləyirlər. Necə ki, 44 günlük müharibədə Ermənistandan qənimət götürülən və məhv edilən hərbi texnikanın dəyəri 5 milyarda yaxın idi. Demək ki, o dövrdə də İrəvan hansısa güclərin geosiyasi oyunlarının qurbanı olub. Eyni ritorika bu gün Fransa tərəfindən davam etdirilməkdədir. Bu da o anlama gəlir ki, Ermənistan sülh müqaviləsini öz iradəsi əsasında imzalaya bilməz. Böyük güclərin regiondakı maraqlar mübarizəsi sabitliyə və sülhə maneədir. Ermənistan bunu çox gözəl anlayır. Ona görə də İrəvan həqiqətən sülhdə, sabitlikdə, əməkdaşlıqda maraqlıdırsa, öz saatını region ölkələri ilə Rusiyanın forpostu olmadan dəqiqləşdirməldir. Yoxsa, özünə yeni himayədarlar axtarmaq və birini digəri ilə əvəz etmək həm özünə, həm də regiondakı ab-havaya müsbət təsir etməyəcək".