Bu Azərbaycan xalqının, cəmiyyətinin, Ali Baş Komandan Prezident İlham Əliyevin birgə uğurudur-Tofiq Abbasov- ÖZƏL
14 Mart 2024 17:30 Siyasət"XI Qlobal Bakı Formu ilk növbədə onunla əlamətdardır ki, biz tam ərazi bütövlüyümüzü bərpa etdikdən, separatizm rejimini məhv etdikdən sonra ilk dəfə yeni bir obrazda, imicdə dünya qarşısındayıq".
Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Təsadüfi deyil ki, bu qlobal forumun çağırışı, əsas şüarı parçalanmış dünyanın bərpasıdır. Bəli, biz həm də Qafqaz bölgəsində parçalanmış situasiyanın şahidi idik. Görürdük ki, Ermənistan və onun havadarları gərginlik ocaqlarını qüvvədə saxlamaq üçün, Azərbaycanın ərazi bütövlüyünün pozulmasını daim bir kateqoriyaya çevirmək və nəhayət ermənilər üçün əlverişli, imtiyazlı bir vəziyyət formalaşdırmağa çalışırdılar. Bu Azərbaycan üçün qeyri-məqbul idi. Ona görə də Azərbaycan dövləti bu proseslərin hamısının ağırlığını, yükünü öz üzərində daşıyaraq həqiqəti bərpa etdi, ədaləti ayaq üstə qaldırdı. Bu həqiqətən də sırf Azərbaycan xalqının, cəmiyyətinin, Ali Baş Komandan Prezident İlham Əliyevin birgə uğurudur. Əlbəttə təsadüfi deyil ki, Prezident İlham Əliyev bu gün öz çıxışında bir daha yada saldı ki, Ermənistan Azərbaycana öz diktəsini təqdim etmək üçün həddini aşaraq çalışırdı. Biz bununla razılaşa bilməzdik. Ona görə də ermənilərə dərs verdik. Təəssüf ki, bu dərs onlara ibrət materialı kimi yararsızdır. Çünki onlar sanki, heç nə olmamış kimi yenidən eskalasiyanı gündəmə gətirməyə çalışırlar. Baxmayaraq ki, Azərbaycan onlara sülh təklif edir. Forumda Serbiyanın, Latviyanın, Malavinin, Albaniyanın digərlərinin keçmiş prezidentləri iştirak edirdi. Bəli, bu çox mötəbər bir tədbirdir. Azərbaycan boş yerdən dünya qarşısında belə bir təşkilatçı qismində çıxış etmir. Bakı Qlobal Forumu artıq dünya çapında tanınan bir meydandır. Digər tərəfdən bu prosesə Beynəlxalq Nizami Gəncəvi klubu qatılır. Bunlar hamısı elə bir institutlardır ki, artıq dünyada onların yeri var və sözü eşidilir, yanaşmalarına da böyük diqqət ayrılır. Ona görə də biz təhlükələri görürüksə, onlara göz yuma bilmərik. Təhlükələr, risklər varsa, onlarla yaxından tanış olmaq və onları cilovlamaq lazımdır. Ona görə də Azərbaycan bu qlobal forum vasitəsilə böyük bir diskussiya formalaşdırır. Burada ağıllar, vacib personalar, dünyada öz xidməti, dəsti-xətti bəlli olan şəxsiyyətlər bu proseslərə münasibət bildirsinlər. Çünki, münasibətlər əsnasında yeni ideyalar, yeni həll yolları, alqoritmlər tapılır. Hesab edirəm ki, bu çox vaxtında olan bir tədbirdir. Həm də dediyim kimi Azərbaycan artıq ağrılı məsələlərlə bağlı özü mexanizmləri işləyib, ortaya çıxarıb və onlarla bölüşmək son dərəcə vacibdir. Əsas çağırışlardan biri də fövqəlqüvvələr, böyük dövlətlər başqa ölkələrin daxili işlərinə qarışmasınlar, onlara sülh proseslərində, sabitliyin möhkəmlənməsində mane olmasınlar. Güclülər həmişə zəif bənd axtarırlar ki, onlardan istifadə etsinlər, öz korporativ maraqlarını onların vasitəsilə həyata keçirsinlər. Ancaq bu heç bir vəcdlə digər xalqların, digər məmləkətlərin daxili işinə qarışmaq demək deyil. Ona görə də proseslərin hamısında Azərbaycan öndə gedir.
Forumun iştirakçıları mötəbər adamlardır. Öz nüfuslarına, bacarıq və biliklərinə, xidmətlərinə görə heç də Münxen Təhlükəsizlik Konfransındakı iştirakçılardan geri qalmırlar. Azərbaycan nisbətən cavan dövlətdir. Amma buna baxmayaraq Azərbaycan dövləti sülh və təhlükəsizliyin möhkəmlənməsində iştirakına görə demək olar ki, artıq veteran bir məmləkətdir, subyektdir. Uzun illərdir ki, Bakı Prosesi, Bakı Formu var burada. Bakı Prosesi 2008-ci ildə Prezident İlham Əliyevin təşkilatçılığı ilə təsis olunmuşdur. Odur ki, bunlar hamısı sağlam bir qayəyə qulluq edir ki, dünyada xalqlar, insanlar, toplumlar bir-birlərindən çəkinməsinlər, qorxmasınlar. Əksinə əl-ələ verərək qurucu işlərə meydan versinlər. Biz çalışırıq ki, bu məsələlərin hamısında öndə olaq və öz çağırışımızı da bütün sağlam qüvvələrə ünvanlayırıq".