COP29 Azərbaycanın gündəlik olaraq dünya ictimai rəyində müzakirəsinə səbəb olacaq - ÖZƏL
18 Mart 2024 12:42 Siyasət"COP29-un keçirilməsi, əlbəttə ki, bu vaxta qədər keçirilmiş böyük miqyaslı tədbirlərdən daha fərqli olacaq".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Ona görə ki, burada iştirakçıların, ümumiyyətlə, bu tədbirlə bağlı Azərbaycana gələnlərin sayı hardasa yüz min civarında olacaq. Yəni, bu vaxta qədər Azərbaycanda heç vaxt bu sayda iştirakçının, qonağın olduğu tədbir keçirilməyib. Bu baxımdan COP29-un nə qədər geniş maraq kəsb etdiyini, maraq cəlb etdiyini söyləyə bilərik. Yəni, bizim ölkəmiz bu tədbir keçirilən günlərdə, ona qədərki günlərdə, ondan sonrakı günlərdə də geniş şəkildə Dünya İctimai Rəyinin mərkəzində olacaq, Azərbaycanla bağlı müzakirələr gedəcək, yazılar yazılacaq, reportajlar veriləcək. Yəni həmin tədbir Azərbaycanın gündəlik olaraq dünya ictimai rəyində müzakirəsinə səbəb olacaq. Əlbəttə ki, bir müstəqil dövlətin, daha doğru müstəqilliyini yeni qazanmış dövlətin özünü tanıtması baxımından bu tədbir, onun miqyası çox əhəmiyyətlidir.
Digər tərəfdən də, ümumiyyətlə, belə tədbirlər dövlətlərin, xalqların yaxınlaşmasına da səbəb olur. Bir sıra dünya ölkələrində Azərbaycanla bağlı yanlış bilgi var. Təəssüflər olsun ki, bədxahlarımız olan erməni qonşularımız dünyanın hər tərəfində anti-Azərbaycan kampaniyası aparır və bizi tanımayanları aldadaraq haqqımızda mənfi rəy formalaşdırırlar. Bax bu cür tədbirlər, özəlliklə də COP29 həmin yanlış təsəvvürlərin darmadağın edilməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Yəni biz ölkəmizi, xalqımızı hər kəsi tanıdacağıq, gerçək Azərbaycanı dünya yenidən kəşf edəcək".