Qazaxıstan Azərbaycanla dost və strateji müttəfiq ölkədir

Hər iki dövlət türk dünyasının birliyində əhəmiyyətli rol oynayır

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Milli Məclisin deputatı Məşhur Məmmədov qeyd edib ki, Azərbaycan üçün Qazaxıstan qardaş ölkə olmaqla yanaşı, həm də strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur: "Ölkəmizə göstərilən dəstəklər sırasında da Qazaxıstan ön yerlərdədir. Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstanı həmişə minnətdarlıqla xatırlayacağıq. Dost dəstəyi bu gün də davam edir. İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. 12 mart tarixində keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq mərkəzin açılış mərasimi təşkil olundu. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Həm də türk dövlətlərinin sıx əlaqəsi qloballaşan dünyaya türk dövlətlərinin gücünü bəyan edən bir mesajdır. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil".

Onun sözlərinə görə, Qazaxıstanla strateji tərəfdaşlıq deyəndə TransXəzər nəqliyyat dəhlizi yada düşür. Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb: "Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri zamanı imzalanan rəsmi sənədlər gələcəkdə Qazaxıstanla strateji əlaqələrin daha sıx, artan istiqamətdə inkişafından xəbər verir".

Millət vəkili Əlabbas Salahzadə qeyd edib ki, bu gün ölkə və dünya mətbuatında türk dünyasının birliyində əhəmiyyətli rol oynayan Azərbaycan-Qazaxıstan münasibətləri geniş təhlil edilir: "Prezident Kasım-Jomart Tokayevin ölkəmizə dövlət səfəri çərçivəsində müzakirə olunan  məsələlər, əməkdaşlığın müxtəlif sahələrdə inkişafının daha da möhkəmləndirilməsinə xidmət edən addımlar  xüsusilə diqqətdədir. Bu reallıq hər zaman önə çəkilir ki, tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi, həmrəyliyi məsələsi daha da aktuallaşdı və bu, özünü türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərində aydın ifadəsini tapır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri də bunun bariz nümunəsidir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, ikitərəfli əməkdaşlığın gündəliyi zəngindir. Ali Dövlətlərarası Şuranın birinci iclasında  qarşılıqlı fəaliyyətimizin müxtəlif aspektləri ətraflı müzakirə olundu. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Prezidentlər Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilər. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki,  qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Qazaxıstan dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir: "Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan Prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Azərbaycan daim türk dünyasının birliyinə davamlı töhfələri ilə diqqətdədir. "Gücümüz birliyimizdədir" çağırışı dövlət başçısı İlham Əliyevin türk dünyasının həmrəyliyinə verdiyi önəmi nümayiş etdirir. Dünya daim Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda türk dünyasının birliyinin şahidinə çevrilib. Bu gün bu birlik digər türkdilli dövlətlərlə münasibətdə də özünün aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri türk dünyasının birliyinə bir daha işıq salır. Belə ki, Qazaxıstan Prezidentinin göstərişi əsasında Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində  Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin  tikilməsi və martın 12-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə açılış mərasiminin keçirilməsi də bunun təsdiqidir. Qazaxıstan Prezidentini Füzulidə qarşılayan cənab İlham Əliyev sözügedən Uşaq Yaradıcılıq Mərkəzinin açılışında belə bir fikri böyük inam və qürur hissi ilə qeyd etdi ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Bu gün, Qarabağın dirçəldiyi bir vaxtda əziz qardaşımızı, Türk dünyasının ən böyük ölkəsinin, sürətli inkişafa malik, beynəlxalq arenada iri aktor olan, Azərbaycanın müttəfiqi qardaş Qazaxıstanın Prezidentini salamlamaqdan böyük şərəf hissi duyuruq.  Ünsiyyətimizin bütün işgüzar komponenti ilə yanaşı, məhz mənəvi bağlar bizə güc verir."

Əliabbas Salahzadə qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dövlət səfəri mühüm məqamları ilə yadda qaldı: "Prezidentlər, eyni zamanda, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada oldular. Bu gün nəinki paytaxt Bakının, işğaldan azad edilmiş ərazilərimizin Azərbaycanın xarici siyasət uğurlarına şahidlik etməsi, günün əsas çağırışlarının müzakirə edildiyi məkana çevrilməsi hər birimizi qürurlandırır. 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılaraq yerlə-yeksan edilən bu torpaqlarda aparılan quruculuq işləri, dost ölkələrin Azərbaycana dəstəyi bir daha belə bir reallığı təsdiqləyir ki, ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri uğurlarımızın davamlılığının təmin edilməsində əsas amildir. Ötən ilin avqust ayında isə Azərbaycan və Özbəkistan Prezidentləri Füzulidə oldular və burada  inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Özbək və qazax xalqlarının Azərbaycan xalqına hədiyyələri hər birimizi qürurlandırır. Qazaxıstan Prezidenti belə bir inamı da ifadə etdi ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. Füzuli şəhərinin Baş planı ilə tanış olduq və əlbəttə ki, o, miqyası, intensivliyi ilə bizi valeh edir".

Millət vəkili hər bir səfərin münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu önə çəkərək bildirib ki, həm Prezidentlərin məhdud tərkibdə görüşləri, həm Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında müzakirə edilən məsələlər, həm də imzalanan yeni sənədlər bu münasibətlərin əsrlərə söykəndiyini təsdiqləyir: "İki ölkənin əlaqələri yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir: "Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrinin  genişləndirilməsində  və inkişaf etdirilməsində maraqlıdır. Prezident İlham Əliyev bu il keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində belə bir çağırışı etdi ki, beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq. İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır."

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31