Azərbaycan xaotik Qərbin tövsiyyələrinə ehtiyac duymur- ÖZƏL
14 Mart 2024 10:28 Siyasət"Avroparlamentin Ermənistanla bağlı qəbul etdiyi qətnamədə Azərbaycanı bir sıra məsələlərdə günahlandırması ciddi təəssüf doğurur. Bəs Avroparlament 30 il ərzində Ermənıstanı niyə işğalçı adlandırmırdı? Ermənistan ordusu sərhədyanı ərazilərdə azərbaycanlı uşaqları öldürəndə niyə İrəvanda oturan baş komandanın adını çəkmirdi? Niyə bircə dəfə də olsun Unesconu Qarabağa getməyə səsləmirdi? Niyə 1 milyondan artıq qaçqın və məcburi köçkünün çadırlarda yaşayan həyatları haqqında maraqlanmırdı?" Olaylar" xəbər verir ki, bunu politoloq, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib:
"Ona görə, bu strukturun son 3 ildə bölgədəki proseslərlə bağlı açıqlamaları Azərbaycanda ciddi qarşılanmır. Azərbaycan öz ərazisində öz dövlət və milli maraqlarını qoruyacaq və xaotik Qərbin tövsiyyələrinə ehtiyac duymur. Prezident İlham Əliyev inaqurasiya günü baş verəcək hadisələri qabaqlayaraq dünyadakı nizamsızlıq və ikili standartlarla bağlı bunları demişdir: "İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı".
Beləcə Avroparlament başa düşməlidir ki, onun rəyinin heç bir hüquqi əsası yoxdur və üzvü olmadığı dövlətin daxili işlərinə qarışmaq onun imicinə ucalıq gətirməyəcək. İkincisi, əgər Fransa və okeanın o tayındakı bəzi mərkəzlər fürsətdən istifadə edərək geosiyasi rəqiblərinə qarşı mübarizədə Cənubi Qafqazı "sizinkilərə və bizimkilərə" bölmək istəyirlərsə, Azərbaycana müntəzəm edilən qarayaxmalarla öz məqsədlərinə çata bilməyəcəklər. Ermənistanın beynəlxalq platformalarda manevr imkanlarının həcminin dairəsi rəsmi Bakının addımlarının nədən ibarət olacağı ilə hüdudlaşır. Avroparlamentin timsalında son atılan addımlar, səsləndirilən bəyanatlar isə, nə Qərbin, nə də Paşinyan hakimiyyətinin məqsədlərinə çatmaları ilə nəticələnəcək. Əksinə, bu cür davranış konstitusiyasında və hüquqi - normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiası olan Ermənistanın hansı ərazilər çərçivəsində mövcud olacağı məsələsini aktuallaşdırır".