Həmin hərbi cinayətkarlar Azərbaycana deyil, Ermənistana problem yarada bilər-Elçin Xalidbəyli- ÖZƏL
12 Mart 2024 12:52 Siyasət"Dağlıq Qarabağ rejimi deyilən rejim artıq daha çox siyasi mübarizənin predmetidi. Paşinyan hakimiyyəti bu faktordan Azərbaycana qarşı istifadə etməyə çalışır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Ancaq hazırda həmin separatçıların Ermənistanda baş qaldırmasına həm də Rusiya və Qərb arasındakı mübarizənin nəticəsi kimi baxmaq olar. Çünki, heç kimə sirr deyil ki, Azərbaycanın Qarabağ iqtisadi regionunda vaxtı ilə mövcud olmuş, o zonada fəaliyyət göstərmiş separatçıların böyük əksəriyyəti, xüsusilə də onların rəhbərliyində olan şəxslər Rusiya kəşfiyyat orqanlarının agentləri olublar. İndi də onların tapşırığını yerinə yetirməkdə davam edirlər. Böyük ehtimalla, bu dəstə yenidən fəallaşmaqla Rusiyanın da sifarişlərini yerinə yetirmiş ola bilərlər ki, Ermənistanda situasiyanı gərginləşdirsinlər və Paşinyan hakimiyyətində müəyyən problemlər yaratsınlar. Təbii ki, bunu Azərbaycana qarşı mübarizə çətiri altında ört-basdır etməyə çalışırlar. Ancaq artıq Azərbaycan üçün bu problem qapadılıb və onların Azərbaycanla bağlı hər hansı bir nəticəyə nail olmaları qəti şəkildə mümkün deyil və Qərb onlara nə dəstək versə belə, heç bir nəticəsi olacaq proses deyil. Yəqin ki, yaxın gələcəkdə bu, Ermənistandaxili problemlə çeviriləcək və Ermənistanın daxilində sərt qarşıdurmaların predmeti kimi müşahidə olunmağa başlayacaq. Bu baxımdan hesab etmək olar ki, keçmiş separatçılardan hazırda Paşinyan hakimiyyəti istifadə etməyə çalışsa da, əslində bu, Paşinyan hakimiyyətinin problemidir. Ermənistanın daxilindəki siyasi qarşıdurmanın vətəndaş müharibəsinə qədər inkişaf edə biləcəyi situasiyanın yaranmasına yol aça bilərlər. Hesab etmək olar ki, həmin hərbi cinayətkarlar indiki situasiyada Azərbaycana deyil, daha çox Paşinyan hakimiyyətinə və Ermənistana problem yarada bilərlər".