Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır- ÖZƏL
12 Mart 2024 10:36 Siyasət"2020-ci ilin fevralında keçirilmiş parlament seçkiləri siyasi islahatlar baxımından mühüm əhəmiyyət kəsb edir. Azad, demokratik parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar yeni siyasi konfiqurasiyasının yaranması baxımından böyük önəmə malikdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Dövlətimizin başçısı VI çağırış parlamentin ilk iclasında - 2020-ci il martın 10-da dərin məzmunlu çıxış edərək ölkəmizdə mövcud olan siyasi mühit, siyasi münasibətlərin inkişafı, qanunvericilik işi sahəsində qarşıda dayanan vəzifələrlə bağlı fikirlərini ifadə etdi. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün "Yol xəritəsi" oldu, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi. Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Parlamentimiz də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub".