Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar qaçılmaz idi - ÖZƏL
12 Mart 2024 10:34 Siyasət"10 mart 2020-ci il tarixdə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdir ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar qaçılmaz idi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, YAP İdarə Heyətinin üzvü Cavid Osmanovun sözlərinə görə, seçkilərdən ötən müddətdə qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən çox böyük işlər görülmüşdür: "Burada da məqsəd Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulmasıdır. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşımışdır. Davamlı olaraq kadr islahatları aparılır, bəzi yerli icra orqanlarında müşahidə olunan neqativ və xoşagəlməz halların qarşısı alınır.
İslahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara öz töhfəsini vermək istiqamətində ciddi işlər həyata keçirir. Təbii ki, bu işlər qanunvericilik sahəsini əhatə edir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Altıncı çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev qeyd etmişdir ki, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Cənab Prezidentin bu fikirləri Milli Məclisin qarşısında çox böyük vəzifələr qoymuşdur. Həyata keçirilən bütün islahatlar və qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi daşıyır".