Deputat Səhiyyə Nazirliyinə sorğu göndərdi- ÖZƏL

Millət vəkili Vüqar Bayramov Səhiyyə Nazirliyinə deputat sorğusu göndərib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. Bildirib ki, nazirliyə deputat sorğusu göndərilməsində məqsəd Füzuli rayonunun Kərimbəyli kəndindəki tibb məntəqəsinin bərpasına nail olmaqdır: "Füzuli rayonuna növbəti səfərimiz zamanı Kərimbəyli kənd sakinləri ilə görüşüb qayğılarını dinlədik. Müraciətlər zamanı kənd ərazisində yerləşən və 2600 nəfərdən artıq sakinə xidmət göstərən tibb məntəqəsinin yararsız olduğu bildirildi. Problemin yerində öyrənilməsi məqsədilə kənd sakinləri ilə birlikdə həmin tibb məntəqəsinə baş çəkdik. Tibb məntəqəsinin kollektivi ilə görüş zamanı və baxış zamanı məntəqənin yararsız və qəzalı vəziyyətdə olduğunun şahidi olduq. Ermənistan işğalı zamanı dağıdılan bu tibb məntəqəsində hal-hazırda 9 nəfər çalışır.
Kənd sakinləri tərəfindən tibb məntəqəsinin yenidən qurulmasının vacibliyi vurğulandı. Problemin həll olunması istiqamətində dəstək göstərməyimiz məqsədilə Səhiyyə Nazirliyinə deputat sorğusu göndərmişik və təmaslarımız bu istiqamətdə davam edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31