Azərbaycan dövlətinin qətiyyəti öz nəticəsini verdi- ÖZƏL
5 Mart 2024 18:25 Siyasət
"Ermənistan fevralın 28-də sərhədi azıb bu ölkəyə tərəf keçmiş əsgərimiz Pənahov Ruslan Eldəniz oğlunu geri qaytardı. Rəsmi İrəvan bunu xoşməramlıq əlaməti, yaxid humanitar bir addım kimi qələmə verməyə çalışır. Əslində isə Ermənistan Azərbaycan tərəfinin ultimatumuna tab gətirməyərək əsgərimizi geri qaytarmağa məcbur oldu". Bunu "Olaylar"a siyasi şərhçi Alim Hüseynli deyib. Bildirib ki, Ermənistan İstintaq Komitəsində əsgərimiz barədə dərhal cinayət işinin açılmasının özü bir yanlış addım idi: "Ermənistanın siyasi və hərbi rəhbərliyi çox yaxşı başa düşürdü ki, sərhəddə azaraq qonşu dövlətin ərazisinə keçən əsgər barədə 5 maddə ilə cinayət işinin açılması absurd bir addımdır. Buna baxmayaraq, qarşı tərəf bundan siyasi məqsədlər üçün istifadə etmək naminə şou yaratdı. Lakin bütün cəhdlərə baxmayaraq əsgərimizi geri qaytarmaq zorunda qaldı".
Onun sözlərinə görə, bu hadisə bir daha Azərbaycan dövlətinin öz əsgərinə qarşı biganə qalmadığını göstərdi: "Azərbaycan dövləti növbəti dəfə Ermənistanın məkrli planlarını puç etdi. Azərbaycan dövlətinin qətiyyəti və ciddi xəbərdarlığı qarşısında Ermənistan hökuməti növbəti dəfə baş əyməyə məcbur oldu. Təsadüfi deyil ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, heç bir vətəndaşını, o cümlədən hərbçisini darda qoymayacaq. Dövlətimiz öz sözünün üzərində duraraq dəfələrlə hərbçilərimizin geri qaytarılmasını təmin edib".