Azərbaycan bu məsələlərdə daim praqmatik siyasət həyata keçirib-Sahil Kərimli- ÖZƏL

"Göründüyü kimi, Qərb və Avropa dairələri çox ciddi -cəhdlə Ermənistanı öz təsir dairəsinə salmağa çalışır. Bununla da Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı məsələni bir daha gündəmə gətirmək  istəyir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Biz bir daha şahid oluruq ki, Avropa dairələri Ermənistan üzərindən müxtəlif çirkli və məkrli oyunlar oynamaqla Cənubi Qafqazda öz varlıqlarını qoruyub saxlamağa çalışırlar və Ermənistandan bu istiqamətdə alət kimi istifadə etmək istəyirlər. Təbiidir ki, bu gün Ermənistan Rusiyanın təsir dairəsindən çıxaraq  Avropaya üz tutmağa çalışır. Bu, açıq şəkildə belədir. Amma Ermənistan unudur ki, bu cür təhlükəli oyunlar Ermənistan adlı dövlətin xəritədən silinməsinə və məhv olmasına gətirib çıxara bilər. Hamımız gözəl bilirik və bu reallıqdır ki, Ermənistanın bütün dövlət kimi iqtisadiyyatı, nəqliyyat və kommunikasiyası Rusiyanın təsir dairəsindədir. Hətta, hazırda Ermənistanda Rusiyanın hərbi bazası fəaliyyət göstərir. Belə olduğu halda Ermənistanın Avropaya üz tutması, Rusiyanın vassallığından çıxmaq cəhdləri çox da asan başa gəlməyəcək. Bunu Ermənistanın "özünüqəsd" siyasəti kimi də dəyərləndirmək olar. Çünki, Rusiya bu gün Qərb dairələri tərəfindən sıxışdırılır və Ukrayna cəbhəsində bütün Qərb və Avropa Rusiyaya qarşı birləşir, amma ikinci tərəfdən də Avropa çalışır ki, Ermənistana ciddi dəstək verməklə, havadarlıq etməklə Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açsın. Biz bir müddət əvvəl Fransanın Ermənistanı ciddi şəkildə silahlandırmasının şahidi olmuşduq. Almaniya da siyasi baxımdan Ermənistana ciddi dəstək verir. Bütün bunlar onu göstərir ki, Avropa dairələri Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaq istəyirlər və burda Rusiyaya qarşı cəbhə açmaq istəyirlər. Amma  Azərbaycan bu məsələlərdə daim praqmatik və düşünülmüş siyasət həyata keçirib. Azərbaycan Cənubi Qafqazda daimi sülh və təhlükəsizliyin qorunub saxlanması üçün bütün mümkün imkanlardan istifadə edir. Ermənistana sülh təklif edir. Biz Ermənistana barış əli uzadırıq və əlbəttə ki, Ermənistanın da yeganə yolu Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etmək və həm Türkiyə ilə, həm də Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Ermənistan bu vəzifələri yerinə yetirməlidir. Əks halda Ermənistan üzərindən bu məkrli planlar davam edərsə, Ermənistan bölgədə yenə qonşularla düşmənçilik və işğalçılıq siyasəti yürüdərsə, təbiidir ki, Qərbə və Avropaya arxalanaraq addımlar atarsa, Ermənistan adlı dövlət tamamilə yer üzündən silinə bilər və parçalana bilər. Biz bilirik ki, hazırkı Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. 1918-ci ildə Sovetlər İttifaqı yarananda Ermənistana Azərbaycanın bir çox əraziləri güzəştə gedilib, tarixi torpaqlarımız Ermənistana verilib. Vaxtı gəlib çatıbdır ki, Azərbaycan da tarixi ədaləti bərpa etsin. Necə ki biz 44 günlük Vətən müharibəsindən sonra böyük qələbə qazandıq və tam ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik, bölgədə yeni reallıqlar yaratdıq. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev "biz yeni reallıqlar yaratmışıq" dedikdə bu məsələləri nəzərdə tuturdu və böyük ehtimal ki, biz bundan sonra da yeni reallıqlar yaradacağıq. Azərbaycan dövləti siyasi, iqtisadi, hərbi qüdrətini durmadan artırır və Azərbaycana qarşı mümkün bütün təhdidlərin qarşısı bundan sonra da tam olaraq qətiyyətlə alınacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31