Bunları etmək artıq erməni hökümətinin vəzifəsidir-Əli Mustafa- ÖZƏL

"Paşinyanın son vaxtlar Avropa İttifaqı ilə yaxınlaşan münasibətləri və ya Avropa İttifaqının Ermənistana olan dəstəyi əlbəttə təsadüfi deyil. Burda konkret vəzifə və öhdəliklər var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Ermənistanın Avropa İttifaqına daxil olmasını istəyirlər, ona dəstək verirlər, eyni zamanda Ermənistanın önünə vəzifələr də qoyulub. Bu barədə xeyli vaxtdır danışılır. İlk növbədə Qərbin Güney Qafqazda güclənməsini təmin etmək, Fransanın Ermənistanda möhkəmlənməsini gerçəkləşdirmək və mümkün olarsa, Rusiyanı bölgədən sıxışdırıb çıxartmaq. Əlbəttə, bunu etmək o qədər də asan iş deyil, amma artıq Paşinyanın da öz partiyadaşları ilə müzakirədə qeyd etdiyi kimi, bunu etmək artıq erməni hökümətinin bir vəzifəsidir. Çünki, Avropa İttifaqı, Qərb institutları adətən bu və ya digər məsələlərdə bir şeyi güzəşt edəndə, nəyisə edəndə, mütləq nəyisə də alırlar, istəyirlər. İndi Ermənistana deyilir ki, Avropa İttifaqına gəlmək istəyirsənsə, biz sənə dəstək verəcəyik. Hətta bildiyim qədər kredit ayrılır, müəyyən qədər yardımlar edilir. Eyni zamanda vəzifə qoyulur ki, get Ermənistan dövlətinin mövqeyini korrektə et, dəyiş, Rusiyanın mövqeyini sarsıdıb, onun hərbi mövcudluğunu aradan qaldırmaq üçün üzərinə düşən hər bir şeylə cəmiyyətini hazırla, çalış, Güney Qafqazdan Rusiyanı sıxışdır və çıxart. Əlbəttə, burda həm Rusiyaya qarşı ikinci cəbhə açmaq məsələsi var ki, Ukraynada bir qədər Rusiyanın diqqəti yayınsın və gücü zəifləsin. Digər tərəfdən əslində Qərbin öz maraqları var. Burda sabah Ermənistan hansı vəziyyətə düşəcək, bəlkə də bu onlar üçün 5-ci, 10-cu dərəcəli məsələdir. Əsas məsələ odur ki, Rusiyaya burdan da zərbə vurulsun və Rusiya bu bölgədən çıxarılsın. Açığı, bölgə olduqca əhəmiyyətli, strateji bölgədir. Dünyanın ən önəmli magistral yollarının keçdiyi bölgədir. Amma Rusiya burda qaldıqca, Qərb dövlətləri, başqa sümürgəçi güclər, o cümlədən Fransa və digərləri də bölgəyə girə bilmir. Məhz bölgəyə girmək və bu imkanlara, yollara nəzarət etmək, bölgənin sərvətlərinə sahib olmaq üçün Rusiyanı ordan çıxarmaq lazımdır. Rusiyanın ən çox təmsil olunduğu dövlət Ermənistandır. Orda Rusiyanın bazaları var, konkret olaraq Rusiyanın burdakı hərbi mövcudluğu beynəlxalq hüquqla tənzimlənir, müqavilələr var. Bu da Qərbin işinə gəlmir və Qərbin bölgəyə gəlməsini bir növ əngəlləyir. Ona görə də düşünürəm ki, Paşinyanın həqiqətən də çarəsi yoxdur. O, nəyin bahasına olur olsun, burda Rusiya ilə vuruşmalıdır. İndi bu vuruşmada o öz başını itirəcək, yoxsa Rusiyanı çıxara biləcək, məncə, bu, Qərbi az maraqlandırır. Əsas maralandıran odur ki, onların bölgə ilə bağlı maraqları reallaşsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31