Minalardan təmizlənmə üçün 30 il vaxt və 25 milyard ABŞ dolları lazımdır - Hafiz Səfixanov

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanovla  müsahibəni sizə təqdim edirik:

-Hafiz müəllim, apardığınız tədqiqatlara əsasən ermənilər minaları əsasən haralarda basdırıbla

-Azərbaycan dünyada minalardan və partlamamış hərbi sursatlardan zərərçəkmiş müharibənin təhlükəli mirası ilə təqib olunan ölkələr sırasındadır. Bildiyiniz kimi bütün hərbi əməliyyatlar Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində aparılıb. Ona görə də bütün silah-sursat bu ərazilərdə işlədilib, bu səbəbdən Azərbaycan dünyada mina və partlamamış hərbi silah-sursatla ən çox çirklənmiş ölkələrdəndir. Piyadalar əleyhinə minaların qadağan olunması uğrunda beynəlxalq kompaniyanın Landmine Monitor Report hesabatına görə Azərbaycan  minalanma sayına görə dünyada ilk yerlərdən birini tutur. Bizim tətqiqatlarımız isə  göstərir ki, Azərbaycan Avropada Ukrayna, Bosniya və Herseqovinadan sonra üçüncü yerdədir. Bizim təşkilat 2023-cü ilin avqust ayından Kanadanın Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə "Azərbaycan ərazilərində minalar və partlamamış hərbi sursatlar problemi, minaların qurbanlara və icmalara təsiri" adlı layihə həyata keçirir. Bu layihə çərçivəsində apardığımız tədqiqatlar onu göstərir ki, keçmiş təmas xəttində və onun ətrafında olan bağlarda, meşələrdə, üzüm bağlarının dağıdılmış hissələrində, dağıdılmış yaşayış məntəqələrinin ətrafında, yaşayış məntəqələrinin özündə, çay sahillərində minalarla ciddi şəkildə çirklənmə aşkar etmişik. Bundan başqa minalara kənd təsərrüfatına yararlı torpaqlarda, onların ətrafında, örüş sahələrində, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində rast gəlinib. Bizim qənaətimiz budur ki, Ermənistan tərəfi minalardan ağla gələn və gəlməyən bütün yerlərdə istifadə edib. Aparılan tədqiqatlar da bunu bir daha sübut edir. Ağdam rayonunun Yusifcanlı, Qarağacı kəndinin, Cəbrayıl rayonunun  Cocuq Mərcanlı, Laçın rayonunun Suarası, Füzuli rayonunun Qorqan kəndlərində yerləşən qəbirsanlıqlarda minaların olması faktı təsdiqlənib. Dəqiq məlumatlarla  adlarını çəkdiyim kəndlərin qəbirsanlıqlarında minalar var. Bizim qarşılaşdığımız ən böyük çətinlik keçmiş təmas xəttində və onun ətrafında deyil, keçmiş təmas xəttindən Qarabağın və Şərqi Zəngəzurun içərilərinə doğru irəlilədikdə baş verir. Çünki, keçmiş təmas xəttinə aid xəritələr Azərbaycan hökumətinin israrlı tələblərindən və bəzi beynəlxalq aktorların işə qarışmasından sonra Azərbaycana verilsə də təmas xəttindən kənardakı ərazilərin minalanma xəritələri Azərbaycana verilmədi. Bu gün Azərbaycan tərəfinin itkilərinin ən böyük hissəsi də keçmiş təmas xəttinin arxasında yerləşən ərazilərdə baş verir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra bizim tədqiqatlarınız nəticəsində müəyyən olunub ki, 201 hadisə baş verib. Həmin 201 hadisədən təxminən 71 faizi, 141 hadisə keçmiş təmas xəttinin arxasındakı ərazilərdə baş verinb. Nəticədə ümumi qurbanların sayı 246 nəfər olub. Bu 246 nəfərin içərisində həlak olanlar da, ağır yaralananlar da var. İşğaldan azad olunmuş ərazilərdə digər vacib problem mina-tələlərdir. Ermənistan tərəfi tələ-minalardan da kütləvi şəkildə istifadə edib. ANAMA-nın apardığı minatəmizləmə əməliyyatları zamanı Şuşa rayonunun Daşaltı kəndinin, Laçın rayonunun Zabux və Sus kəndlərinin ərasizində mina-tələlərə rast gəlinib. Həmin mina-tələlərdə əsas istifadə olunan mina isə Ermənistan istehsalı minalar olub. Bundan başqa Xocalı rayonunun ərazisində, Ağdam rayonunun Orta Qərvənd kəndində, Füzuli rayonunun kənd qəbirsanlığında, Xocavənd rayonunun Bulutan kəndində aparılan minatəmizləmə əməliyyatları zamanı da mina-tələlərə rast gəlinib. Ən çox mina tələlərə Xankəndi şəhərində təmizlik işləri aparılarkən rast gəlinir. Sadaladığım bütün mina-tələlər tapılaraq zərərsizləşdirilib. Bunu da qeyd edim ki, Şuşa rayonunun Daşaltı kəndində olan mina-tələnin partlaması nəticəsində infrastruktur layihələrinin icrasına cəlb olunmuş iki mülki şəxs həlak olmuşdur.

-Ermənistanın basdırdığı minalarla bağlı beynəlxalq QHT təşkilatlarına müraciətlər olunubmu?

-Əvvəlcə onu bildirim ki, bizim təşkilat gündəlik əsasda fəaliyyət göstərən bir təşkilatdır. Yəni, biz ancaq layihədən-layihəyə fəaliyyət göstərən təşkilatlardan deyilik. Ona görə də biz əməkdaşlıq etdiyimiz aidiyyatı beynəlxalq təşkilatlarla gündəlik əsasda məlumat mübadiləsi aparırıq, baş vermiş hadisələr barədə onları məlumatlandırırıq. Ölkədə minalara qarşı aparılan mübarizə barədə onlar daima məlumatlar alırlar. Bütün beynəlxalq səviyyəli tədbirlər, seminarlar, vörkşoplar, konfranslar barədə həmin təşkilatlar mütəmadi olaraq bizim təşkilatdan məlumatlar alırlar. Qeyd etdiyim kimi biz gündəlik əsasda fəaliyyət göstərən bir təşkilatıq.

-1 milyondan çox mina basdırıldığı məlumdur. Bunlardan nə qədəri zərərsizləşdirilib?

-Hazırda bəzi ekspertlərin verdiyi məlumata görə Azərbaycan ərazilərində minaların və partlamamış hərbi sursatların sayı 1 milyon 500 min ədəddir. Sentyabr ayında baş vermiş antiterror tədbirlərindən sonra təxminən 480 kilometrlik bir ərazidə Ermənistan silahlı qüvvələrinin 2020-ci il 10 noyabr  yaratdığı yeni dırnaqarası bir cəbhə xətti var idi. Həmin cəbhə xəttini də onlar iki kilometr enində minalamışdılar. Beləliklə, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatından sonra Azərbaycan yeni bir cəbhə xətti ilə qarşılaşdı. Burada da təxminən 960 kilometrlik ərazisinin minalanması bilinir və burada yarım milyon minanın partlamamış hərbi sursatın olduğu qeyd olunur. İlkin məlumatlara görə Azərbaycanın təkcə işğaldan azad olunmuş ərazilərində milyon yarım partlamamış hərbi -sursat var. Bildiyimiz kimi Azərbaycan hökuməti bütün arsenalında olan qüvvələri minalarla mübarizəyə atıb. Burada ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, 4 konvensiya qurumu yaradılıbdır. .Yanılmıramsa, bu günə qədər 100 mindən artıq mina və partlamamış hərbi -sursat tapılaraq zərərləşdirilmişdir.

-İşğaldan azad olunmuş ərazilərə daimi köç edənlər, turist kimi gedənlər ən çox nələrə diqqət etməlidir?

-Bu şəxslər üçün ilk növbədə maarifləndirmə tədbirləri həyata keçirilir. Bundan başqa infrastruktur layihələrinin keçirilməsinə cəlb olunmuş insanlar üçün də maarifləndirmə tədbirləri keçirilir. Bu insanlar maarifləndirmə tədbirlərində verilən təlimatlara ciddi əməl etməli, təlimatlardan kənara çıxmamalıdırlar. Azərbaycanda son üç ildəki mina qurbanlarının statistikasını araşdırdıqda rastlaşmışıq ki, həmin təlimatlardan kənara çıxan insanlar arasında da mina qurbanları var. Ona görə də biz dönə-dönə bu müraciəti edirik ki, həm ora qayıdanlar, həm orada işləyənlər, turist kimi gedənlər qəti surətdə verilən təlimatlara əməl etməlidirlər. O ərazilərə əlbəttə ki, qanuni yolla gedən bütün insanlara maarifləndirmə proqramları təşkil olunur. Bunu əsasən ANAMA öz partnyor təşkilatları ilə həyata keçirir. Həmin maarifləndirici tədbirıərdə də minalardan qorunmaqla bağlı bütün nüanslar nəzərə alınır. Sadəcə olaraq ora gedən şəxslər maarifləndirici tədbirlərdə verilən tələblərə ciddi əməl etməlidirlər. Bu qədər sadə bir məsələdir. Tanımadıqları, bilmədikləri heç nəyə toxunmamalıdırlar. Yalnız işlək yollardan istifadə etməlidirlər. Bunların hamısı həmin təlimatlarda göstərilib. Çünki, başqa ərazilərdə insan üçün adi olan bir şey həmin ərazilərdə təhlükə mənbəyi ola bilər. Bu səbəbdəb insanlarımız burada xüsusilə diqqətli olmalıdırlar. Dönə-dönə dediyimiz fikir budur ki, maarifləndirmə tədbirlərində verilən təlimatlardan kənara çıxmamalıdırlar.

-Mina xəritələrinin verilməsi ilə bağlı QHT olaraq hansı işlər görülməkdədir?

-Minalanmış ərazilərlə bağlı Ermənistanda olan xəritələrlə əlaqədar 2021-ci ilin əvvəlindən fəaliyyətimizi başlamışıq. Bu məsələdə biz tək deyilik. Burada həm hökümət strukturları, müxtəlif nazirliklər öz səlahiyyətləri çərçivəsində, vətəndaş cəmiyyəti təsisatları, o cümlədən də QHT-lər müəyyən tədbirlər həyata keçirib. Bizim təşkilat Azərbaycanda fəaliyyət göstərən bir neçə QHT ilə birlikdə dünya üzrə petisiyalar imzalayıb. Başda BMT-nin baş katibi olmaqla bütün beynəlxalq təşkilatların rəhbərlərinə müraciətlərimiz olub. Bundan əlavə digər mina problemləri ilə məşğul olan təşkilatlara müraciətlərimiz olub. Bu müraciətlər bu gün də davam edir. 

-Mina təhlükəsi ilə bağlı mövcud olan hansı beynəlxalq konvensiyalarla əməkdaşlıq edilir?

-Minalar və partlamamış hərbi sursatlarla bağlı dünyada bir neçə beynəlxalq konvensiya mövcuddur. Bunlardan ən mühümləri piyadalar əleyhinə minaların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyasıdır ki, buna bəzən Ottava Konvensiyası da deyilir. İkinci mühüm sənəd kasetli silahların qadağan olunmasını nəzərdə tutan konvensiyadır. Üçüncü sənəd isə adi silahların bəzi növlərinin məhdudlaşdırılması və ya tamamilə məhv edilməsinə dair konvensiyadır ki, onun da ikinci və beşinci protokolları minalar və mina-tələlərə, beşinci protokol isə hərbi sursatlara aiddir. Təəssüflər olsun ki, Cənubi Qafqaz ölkələrinin heç biri bu konvensiyalara qoşulmayıb. Bizdə olan mina probleminin miqyası, beynəlxalq ekspertlərin və ölkənin yüksək səviyyəli rəsmi şəxslərinin söylədiyi fikirlər bundan ibarətdir ki, hazırki situasiyada hazırki qüvvələrlə Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 30 il vaxt və 25 milyard ABŞ dolları lazımdır. Bu konvensiyanı da imzalamadan beynəkxalq birlik, beynəlxalq donor ictimaiyyətu bu vəsait çərçivəsində biz istəyən dəstəyi vermirlər. Çünki, son 3 ildə Azərbaycana hardasa 12 milyon ABŞ dolları məbləğində yardımlar olunub. Azərbaycan son 3 ildə həyata keçirdiyi minatəmizləmə fəaliyyətinə sərf olunan vəsaitin 95 faizini öz dövlət büdcəsi hesabına həyata keçirib. Bütün bunları nəzərə alaraq biz hesab edirik ki, artıq bu konvensiyaya qoşulmaq olar və bunun verdiyi üstünlüklərdən istifadə etməyin vaxtıdır. Onu da qeyd edim ki, Azərbaycan konvensiyanın üzvü olmasa da konvensiyadan irəli gələn məsələlərin demək olar ki, hamısını yerinə yetirir.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31