Məsələ qarşılıqlı deyil, əslində qarışıqdır-Şəbnəm Həsənova- ÖZƏL

"Bir-birinə hücum etməmək haqqında paktın imzalanması hər zaman tətbiq olunmasa da, hətta uğursuzluğa düçar olsa da, dünya praktikasında rast gəlinən və təklif edilən məsələdir". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a  açıqlamasında bildirib:

"Hər kəsə yaxşı məlum olan tarixi "Molotov-Ribbentrop paktı" və ya yaxın keçmişdə İranın Ali Rəhbərinin müşaviri Rahim Səfəvinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrə bir-birinə hücum etməmək haqqında pakt bağlamağı təklifi kimi. 
Nikol Paşinyanın açıqlamalarına dönsək birmənalı onu deyə bilərik ki, erməni hiyləsi və revanşizmi məzmun ya mahiyyət deyil, sadəcə forma dəyişib. Azərbaycana hər hansı bir mesaj ötürülən zaman bu mesajdan öncə daha vacib amil cənab Prezident İlham Əliyevin xalqa olan müraciətləri, hadisələri ön görərək xalqı ona hazırlamasıdır. Bir müddət öncə yerli televiziya kanallarına müsahibəsi zamanı dövlətimizin başçısı "əlimdən gələni edəcəyəm ki, müharibə olmasın, amma cəmiyyət sakitləşməli deyil" mesajını verdi. Cənab Prezident müsahibə zamanı bir məsələni də bildirdi ki, unutmasınlar ki, üçtərəfli bəyannamə kimlər arasında imzalanıb. Bunun fonunda Qərb-Rusiya mövcud vəziyyəti, xüsusilə də zamanlama baxımından seçki qabağı bir az daha önə çəkilərək AŞPA vasitəsilə Azərbaycana edilən təzyiqlər, beləcə də "tərəfini kəskin şəkildə bəlli et" tipli təhdidləri olmaqla, zənnimcə, bu açıqlama Paşinyan vasitəsilə zaman qazanılması baxımından gözə üfürülmüş kül, dedizdirilmiş məsələdir. Qərb birinci Fransanın əli ilə regionda kök salmaq istəyir. Yalnız adı Ukrayna-Rusiya müharibəsi olan məsələdə fakt odur ki, nə qalib var, nə məğlub. Amma ortada darmadağın edilən Ukrayna reallığı varsa, deməli, çox mətləblər aydındır. Bu baxımdan nəticə məlum olmadığından, Paşinyan da anti-Rusiya ritorikasını gücləndirdiyindən zaman qazanmaq lazımdır ki, görək nə qədər zəiflədə bilir, seçkilərin taleyinə nə dərəcədə təsir edə bilirik. Seçki məsələsini isə yalnız Azərbaycan üzərindən dəyərləndirmirəm. Çünki xarici dairələrin hiylələri haqqında xalqımız kifayət qədər şüurludur. Digər məsələlər isə digər dövlətlərin və xalqların öz daxili işləridir. 
Bu kimi məsələlər də qabağa atılan boş narrativlərdir. Həm də Paşinyan belə bir şeyi deməklə bizə məsuliyyət yükləyir ki, guya daha öncəki məqamlarda Azərbaycan hücum edib. Azərbaycan indiyə kimi hücum etməyib, bundan sonra da belə bir niyyətinin olmadığını açıq şəkildə dəfələrlə bildirib. Ermənistan isə əvvəl bunu dəfələrlə edibsə, bundan sonra hücum edəcək gücdə deyil. O zaman hansı qarşılıqdan söhbət gedir? Deməli, məsələ qarşılıqlı deyil, əslində qarışıqdır. Bu qarışıqlıqda isə tərəflər sadəcə Ermənistan-Azərbaycan deyil. 
Dövlət başçımız bildirdi ki, "Fransanın sınıq-salxaq "Bastion" maşınları, konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik". Bu məsələlər fonunda Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın Azərbaycana səfəri çox mətləblərdən xəbər verir. Azərbaycan ordusu yeni texnikalarla, silahlarla təchiz olunur. Müdafiə sənayesinə dövlət və özəl sektor olmaqla ən azı bir milyard manat investisiya qoyulacaq. Ordunun gücləndirilməsi xüsusilə indiki reallıqlar şəraitində ən praqmatik qərardır. Təklifimiz əməkdaşlıq, istəyimiz isə sülhdür. Yox, əgər, Paşinyan əməkdaşlığı geri itələyir, gözə kül üfürürsə, zənnimcə, bu dəfə sadəcə tək Azərbaycan tərəfli deyil, çox tərəfli düşünsün. Paşinyan çox hiyləgər gediş edir. Hücum etməmək haqqında paktı imzalamaq belə onun şəxsi və ya müstəqil iradəsi altında baş tuta biləcək məsələ deyil. Paşinyan nəbz yoxlayır, əslində isə nəbz Paşinyana yoxladılır. Sülh sazişinin imzalanması nəticədirsə, bu yoxlanışlar onun gecikdirilməsinə xidmət edən səbəblərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31