Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir - ÖZƏL
10 Avqust 2023 10:40 Siyasət"Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addım oldu. Azərbaycan bu gün neft strategiyasının uğurlarını yaşayır. Qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı olaraq sürətlə inkişaf etdirilir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Malik Həsənovun sözlərinə görə, neft-qaz gəlirlərindən əldə edilən vəsaitlərin ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin reallığa çevrilməsinə yönəldilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında, təkmil inkişaf modelinin nümunə göstərilməsində stimulverici amildir: "Keçilən yol bu reallığı təsdiqləyir ki, hər bir ölkənin dayanıqlı inkişafı iqtisadi artımın sağlam və tarazlı olmasını təmin etməklə mümkündür. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün regionların inkişafının diqqətdə saxlanılması, yeniləşməsi, təkmilləşməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması və bu proseslə paralel şəkildə soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdır. Qısa zamanda görülən işlərin miqyası, həmçinin soydaşlarımızın qayıdışı Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir. Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir."