Yekun sülh beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq imzalanmalıdır - ÖZƏL
4 Avqust 2023 15:41 Siyasət"Şuşada "Euronews" televiziya kanalına Prezident İlham Əliyevin verdiyi müsahibədə Ermənistan cəmiyyətinə ünvanlanmış önəmli mesajlar var idi". "Olaylar" xəbər verir ki, bunu deyən YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynovun sözlərinə görə, ölkə başçımız Azərbaycanın Ermənistan ilə apardığı sülh danışıqlarının gedişatı barədə ətraflı məlumat verdi və qeyd etdi ki, yekun sülh beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq imzalanmalıdır: "Azərbaycanla Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr qurulanda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların öz doğma ata-baba torpaqlarına qayıtmaq hüququ var. Ermənistan dövləti soydaşlarımızın bu hüququnu tanımalıdır. Həmçinin də erməni icması Azərbaycan tərəfinin və beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Ermənistan həqiqətən sülh istəyirsə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmalıdır".
Onun sözlərinə görə, "Euronews" televiziya kanalına verilən müsahibədə dövlət başçısı İlham Əliyev tərəfindən səsləndirilən digər bir mühüm mesaj ondan ibarət oldu ki, ermənilər üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil: "Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Ermənistanın bu gerçəyi anlaması və qəbul etməsi Cənubi Qafqazda qalıcı sülhə doğru atılmış mühüm addım olar. Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunun tikintisi başlayanda, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında müsbət istiqamətdə təmaslar olmuşdu. Belə təmaslar isə sülh prosesinə müsbət töhfələr verir və qarşılıqlı etimad mühiti yaradır".