Ulu Öndər Azərbaycan dilinə mənəvi varlıq kimi yanaşırdı - ÖZƏL
31 İyul 2023 11:01 Siyasət"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərinin yaşadan, inkişaf etdirən onun dilidir" konsepsiyasını həyata keçirən Ulu Öndər istər 70-80-ci illərdə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ana dilinin hüquqi statuslarının qorunmasını qətiyyətlə həyata keçirdi. Aparılan dil siyasəti nəticəsində dil dövlətçiliyin əsas atributlarından hesab olundu". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Anar Məmmədovun sözlərinə görə, Azərbaycan siyasi müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına - Azərbaycan dövlətinin Əsas Qanununa dövlət dili haqqında ayrıca maddənin daxil edilməsi dövlət rəhbərinin ana dilinin inkişafı ilə bağlı apardığı çoxillik mübarizənin məntiqi nəticəsi idi: "Ulu Öndər fəaliyyəti dövründə Azərbaycan dilinə mənəvi varlıq kimi yanaşaraq bu dilin adının dəyişdirilməsinin yolverilməz olduğunu xarakterizə etmişdir. Bizim də öz qədim torpağımız, o taylı, bu taylı 40 milyondan çox millətimiz, məhz özümüzə mənsub adət-ənənəmiz, tariximiz, ədəbiyyatımız, dünyanın ən zəngin dillərinə meydan oxuya bilən öz heyrətamiz, əvəzsiz qədim Azərbaycan dilimiz var. O bizim ana laylamızdır, qılıncımızdır, xilaskarımızdır, ən böyük mənəvi sərvətimizdir. Zaman-zaman onu bütün yasaqlardan, hər cür təhlükələrdən, hücumlardan canımızla, qanımızla qoruyub saxlamışıq, bu günə gətirib çıxarmışıq. Bizim üçün nə onun özünü, nə də adını heç nə əvəz edə bilməz".